- 4 Mart 14:36
Əməliyyatçı, təhqiqatçı və müstəntiq tərəfindən edilən dəvət və çağırış arasında hüquqi fərqlər mövcuddur.
E-huquq.az xəbər verir ki, bunu vəkil Bəhruz Orucov deyib.
O bildirib ki, Cinayət işi olmadan belə, bu şəxslər vətəndaşları dəvət edə bilərlər. Lakin həmin dəvətə gedib-getməmək vətəndaşın öz seçimidir.
"Əgər təhqiqatçı və ya müstəntiq vətəndaşa cinayət işi üzrə şahid qismində çağırış vərəqəsi göndərirsə və ya telefonla əlaqə saxlayıb çağırarsa, vətəndaşın bu dəvətə cavab verməsi vacibdir, çünki məcburi gətirilmə qərarı tətbiq oluna bilər. Lakin əməliyyatçının dəvəti ilə bağlı vətəndaşın getməməsi halıda belə məcburi gətirilmə qərarı çıxarıla bilməz", - deyə B.orucov qeyd edib.
Bundan başqa, vəkil izahat və ifadə vermək arasındakı fərqləri də izah edib.
B.Orucovun sözlərinə görə, cinayət işi başlamadan öncə vətəndaşın ərizəsi əsasında izahat alınması mümkündür. Lakin izahat vermək məcburi deyil. Bu, təhqiqatçı, müstəntiq və əməliyyatçının hüququdur. Vətəndaş isə izahat verməkdən imtina edə bilər.
O, şəxsi təcrübəsindən də bir nümunə gətirib: "Bir dəfə müvəkkilimlə birlikdə vətəndaşın ərizəsi üzrə getmişdik. Təhqiqatçı izahat verməyi təklif etdi, amma mən müvəkkilimi izah etdim ki, izahat verməkdən imtina etsin. Təhqiqatçı daha sonra izahat blankında bunun qeyd olunmasını təklif etdi və biz bunu yazdıq. Çünki izahatdan imtina etmək məsuliyyət yaratmır, lakin şahid qismində ifadə verməkdən imtina etmək məsuliyyətə səbəb ola bilər. Bir sözlə izahat vermək sizin huququnuzdur, ifadə vermək isə vəzifənizdir".
Yusif Şükürov