- 11 Mart 17:11
Təlim avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı cinayət və ya mülki məsuliyyət məsələsi praktikada tez-tez mübahisə doğuran hallardandır. Belə hallarda sürücülük təlimində olan şəxsin, təlimatçının və ya avtomobilə sahib olan hüquqi və ya fiziki şəxsin məsuliyyət daşıyıb-daşımaması hüquqi baxımdan xüsusi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil Dədəkişi Vəlizadə deyib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublİkasının Qanununun 78-ci maddəsinin tələblərinə müvafiq olaraq yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir.
O bildirib ki, nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs sözügedən qanunda nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir: “Həmin qanunun tələblərinə əsasən nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir. Avtomagistrallarda və ya yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda sürmə təlimi keçmək qadağandır. Bundan başqa, mütləq sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi “Təlim nəqliyyat vasitəsi” tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır. Qeyd edilənlər nəzərə alındıqdan sonra nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin nəqaliyyat vasitəsini idarə etməsi mümkündür”.

Vəkilin sözlərinə görə, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair” cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublİkasi Alİ Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən ikitərəfli idarə etmə qurğuları ilə təchiz olunmuş təlim avtomaşınlarının idarə edilməsi zamanı müdavim tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti bunun qarşısını almaq imkanında olmuş təlimatçı, təlimatçının göstərişlərinə əməl etmədikdə isə - avtomaşını bilavasitə idarə edən şəxs daşıyır.
“Təlim avtomaşınlarında təlimatçının və müdavimin birlikdə yol hərəkəti qaydalarını pozmaları (məsələn, onların spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə avtomaşını idarə etmələri) yol-nəqliyyat hadisəsinin nəticələrindən asılı olaraq onların hər ikisinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmələrinə səbəb olur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan müdavim özbaşına, təlimatçının müşaiyəti olmadan və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduqda Cinayət Məcəlləsinin buna müvafiq maddəsi ilə, bütün digər hallarda isə ümumi qaydada məsuliyyət daşıyır”, - deyə D.Vəlizadə qeyd edib.
O bildirib ki, qeyd edilənlərə müvafiq olaraq, müdavimin və təlimçinin əməl üzrə təqsirinin olub-olmaması, habelə əməlin inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsi məsələsi müəyyən edilir: “İnzibati xəta və ya cinayət əməli üzrə şəxsin təqsirli hesab edilməsi, eyni zamanda onun mülki məsuliyyətinin yaranması üçün də əsas sayılır. Lakin nəzərə alınmalıdır ki, əgər təlimçi hər hansı fiziki və ya hüquqi şəxsin işçisi qismində vəzifə borclarını icra edirsə, onun hərəkətlərinə görə, təqsiri olmasa belə, mülki məsuliyyəti bilavasitə işəgötürən daşıyır. Zərərin sığortaçı tərəfindən ödənilməsi ilə bağlı məsələlər isə ümumi qaydalar əsasında həll edilir”.
Humay Eminqızı