- 10 Aprel 11:11
İş münasibətlərində iş vaxtı ilə şəxsi həyat arasındakı sərhədlərin qorunması hər zaman aktual məsələlərdən olub. Xüsusilə, işəgötürənin qeyri-iş saatlarında işçi ilə əlaqə saxlaması məsələsi həm hüquqi, həm də etik baxımdan müzakirə olunur. Bu kontekstdə, işçinin istirahət hüququnun təmin olunması ilə işin tələbləri arasında balansın necə qurulacağı ön plana çıxır.
E-huquq.az xəbər verir ki, vəkil Turan Abdullazadə bu mövzuya aydınlıq gətirib.
O bildirib ki, Azərbaycanın əmək qanunvericiliyinə görə, işçinin iş və istirahət vaxtı ayrıdır və iş vaxtından sonra işçi istirahət hüququndan istifadə edir.
Vəkilin sözlərinə görə, əgər işçi rəsmi növbətçilik rejimindədirsə, bu zaman işlə bağlı onunla əlaqə yaradılması yolveriləndir.
"Təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir. Məhz bu səbəbdən iş vaxtından sonra işlərə cəlb olunma mümkündür. Məsələn, təbii fəlakətin, istehsalat qəzasının, fövqəladə halların qarşısının alınması, hərbi vəziyyət rejiminin təmin edilməsi, və yaxud malların itkisinin qarşısının alınması hallarında işçinin iş vaxtından artıq işlərə cəlb olunmasına yol verilir", - T. Abdullazadə bildirib.
Vəkil vurğulayıb ki, yalnız sadalanan hallarda işəgötürən işçiyə zəng edə bilər: "Digər hallarda siz istirahət hüququndan istifadə edirsiniz və istirahətdə sayılırsınız. Ona görə də işəgötürənin sizi narahat etmək hüququ yoxdur"
Humay Eminqızı