- 25 May 15:14
"Nikah yaşına çatmamış şəxslə "həri"lənməyə görə məsuliyyət nəzərdə tutulmayıb".
E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsi nikah yaşına çatmayan şəxsi erkən evliliyə məcbur etməyə görə məsuliyyət müəyyən edir. Həmin əmələ görə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Vəkil bildirib ki, qanunvericilikdə erkən evlilik dedikdə nikah bağlanmadan ailə qurmaq məqsədi ilə yaradılan ittifaq nəzərdə tutulur və bu anlayışa nişan mərasimi də daxil edilir. Lakin "həri" mərasimi hüquqi baxımdan bu kateqoriyaya aid edilmir.
T.Abdullazadə deyib ki, "həri" adətən iki ailə arasında qeyri-rəsmi razılıq xarakteri daşıyır və ictimai və ya rəsmi mərasim statusuna malik olmur. Bu səbəbdən həmin hal nə Cinayət Məcəlləsi, nə də İnzibati Xətalar Məcəlləsi çərçivəsində məsuliyyət yaradır.
Bununla yanaşı, vəkil restoran və ictimai iaşə obyektlərinin erkən evliliklə bağlı mərasimlərin təşkilinə görə məsuliyyət daşıdığını da qeyd edib. Belə hallarda hüquqi şəxslər 9000 manatadək, fiziki şəxslər 1500 manatadək, vəzifəli şəxslər isə 4000 manatadək cərimə oluna bilər.
T.Abdullazadə vurğulayıb ki, qanunvericilik məcburetmə olub-olmamasından asılı olmayaraq erkən evliliklə bağlı mərasimlərin təşkilinə görə məsuliyyət nəzərdə tutur, lakin “həri” kimi qeyri-rəsmi ailə razılaşmaları hüquqi tənzimləmə sahəsinə daxil deyil.
Şəbnəm Mehdizadə