Müqavilə olmadan borc verənlərin nəzərinə!


  • 16:12

“Xeyli miqdarda borc pul vermisiz amma yazılı müqaviləniz yoxdur? Artıq qorxmayın, hüququnuzu itirmirsiz”.

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, 16 iyun 2026-cı ildə Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qərar qəbul etmişdir.

“Düşünürəm ki, üç min manatdan yuxarı borclar üçün yazılı müqavilənin əvvəllər mütləq şərt olması ədalətsizlik idi. Bir qrup məhkəmə belə halları etibarsız saymaqla borc verən vətəndaşları tamamilə hüquqi müdafiəsiz qoyurdu. Borc alanlar isə sanki mükafatlandırılmış olurdu. Artıq belə ədalətsizliyə son qoyuldu”, - vəkil bildirib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin Plenumunun 16 iyun 2026-cı il tarixli qərarına əsasən yazılı forma şərtinə əməl edilməməsi borc münasibətlərini yox etmir: “Bu etibarsızlıq şərti yox, sübut etmə şərtidir. Yəni müqavilə olmasa belə, “WhatsApp” yazışması, SMS, bank köçürməsi, telefon danışıqları, borc alanın özünün etirafı və digər yazılı elektron dəlillər sübut kimi qəbul edilməlidir”.

T. Abdullazadə bildirib ki, qərarın üç vacib nəticəsi var: “Birincisi, artıq məhkəmələr yazılı müqavilə olmadığı üçün avtomatik olaraq iddianı rədd edə bilməz. İkincisi, borc verən “WhatsApp” mesajı, bank çıxarışı və digər köçürmə sənədi ilə iddiasını əsaslandıra bilər. Üçüncüsü, bu qərar hal-hazırda məhkəmənin icraatında olan işlərə də şamil edilir”.

“Düşünürəm ki, bu qərar hüquq tarixində mühüm addımdır. Əgər yazılı olmayan borc münasibəti ilə bağlı probleminiz varsa, indi müraciət etmək üçün əlinizdə güclü hüquqi əsas olacaq. Unutmayın ki, hüquq bilikdən başlayır”, - vəkil bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər