Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar? - AÇIQLAMA


  • 14:38

Rəqəmsal bank xidmətlərinin geniş yayılması ilə kartdan karta pul köçürmələri də xeyli artıb. Bununla yanaşı, səhv köçürmələr də tez-tez rast gəlinən problemlərdən birinə çevrilib. Belə vəziyyətdə pulu geri almaq mümkündürmü? Qanun bu kimi hallarda nə deyir?

E-huquq.az xəbər verir ki, vəkil Amid Əsgərov bu mövzuya aydınlıq gətirib.

Vəkilin sözlərinə görə, kartdan karta səhv pul köçürmələri zamanı göndərilən pulu geri almaq mümkündür. Amma bunun üçün işin gedişatından asılı olaraq müəyyən zaman tələb olunur: “İlk növbədə səhv köçürmə edən şəxs bu barədə banka məlumat verməlidir. Belə olan halda bank pulu alan şəxslə əlaqə yaradaraq, köçürmənin səhv həyata keçirildiyini və həmin məbləğin geri qaytarılmalı olduğunu bildirir. Pulu alan şəxs vəsaitin qaytarılmasına razı olduğu halda məsələ asanlıqla həll olunur”.

A.Əsgərov bildirib ki, problem pulu alan şəxsin onu qaytarmaqdan imtina etdiyi hallarda yaranır. Belə olan halda yeganə həll yolu məhkəmə qaydasında həmin pulun tələb edilməsidir: “Burada isə çətinlik yaradan məsələ, pulu səhvən alan şəxs barəsində məlumatların əldə edilməsidir. Belə ki, bu məlumatlar bank sirrini təşkil edən məlumatlar olduğundan – bank həmin məlumatları pulu göndərən şəxsə verməkdən imtina edir. Bu halda ilkin olaraq məlumatların əldə edilməsi üçün, daha sonra əsassız varlanmış şəxsə qarşı iddia qaldırmaq üçün məhkəməyə müraciət olunmalıdır”.

O qeyd edib ki, səhvən pulu əldə edən şəxs əsassız varlanmış sayılmaqla əldə etdiyi məbləği geri qaytarmağa borcludur: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”.

A.Əsgərov bildirib ki, pulu səhvən alan şəxs həmin məbləği xərcləyib-xərcləməməsindən asılı olmayaraq həmin məbləği qaytarmalıdır.

Humay Eminqızı

Oxşar xəbərlər