Vətəndaş hakimə hansı hallarda etiraz edə bilər?


  • 2 Fevral 2021 12:13

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində hakimə etiraz olunması üçün əsaslar müəyyən edilib.

E-huquq.az xəbər verir ki, Məcəllənin 19-cu maddəsinə əsasən, hakimə aşağıdakı hallarda etiraz oluna bilər:

- Proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin valideyni, övladı, nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, xalası) uşağı, bacanağı (baldızı) olduqda;

- Proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya olmuşdursa;

- Proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini), qayınatası (qayınanası) olduqda.

- İnzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə;

- O, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin mümkün nəticəsi barədə məhkəmə baxışından kənar istənilən formada mövqe bildirdikdə (və ya açıq bəyanat verdikdə);

- O, inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər nümayəndəsi və ya vəkili olduqda;

- O, işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda.

- Etiraz haqqında vəsatət yazılı formada, məhkəmə iclasının gedişində isə şifahi formada verilə bilər. Vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir.

- Etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum olduğu andan dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün olmadığı hallarda isə 3 gün müddətində verilə bilər.

Oxşar xəbərlər