İşəgötürən əmək münasibətləri dövründə işçilərin peşəkarlığını yoxlaya bilərmi?


  • 22 Fevral 11:44

Bəzi hallarda əmək münasibəti dövründə işəgötürən tərəfindən işçilərin peşəkarlığını müxtəlif vasitələrlə müəyyən etmək üçün imtahan, test, müsahibə və digər qiymətləndirmələr keçirilir. Bəs işçinin bu əsaslarla işdə saxlanılması, başqa işə keçirilməsi və ya əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin tələblərini pozurmu?

Ekspert Aytac Qurbanova e-huquq.az-a açıqlmasında bildirib ki, Əmək Məcəlləsində işçilərin attestasiyası nəzərdə tutulub. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bəzi işçilər istisna olunmaqla, qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

“İşçilərin attestasiyası zamanı müəyyən tələblər gözlənilməlidir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlığı, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqı təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılmalıdır. Əgər iş yerində işçilərin attestasiyası üzrə lazımi mütəxəssis yoxdursa, rəsmi şəkildə kənardan mütəxəsis cəlb oluna bilər. İşçinin müvafiq iş yeri üzrə rəhbəri olan işəgötürən attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır.

Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verir. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir”, - deyə A.Qurbanova qeyd edib.

Ekspertin sözlərinə görə, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir. O bildirib ki, attestasiya komissiyasının tövsiyələri şirkət tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:

1. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər;
2. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
3. Bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
4. Hamilə qadınlar;
5. Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
6. Yaşı 18-dən az olan işçilər;
7. Bir vəzifədə (peşədə) faktiki olaraq bir ildən az müddətdə çalışan işçilər;
8. Eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər.
9. kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
10. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;
11. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər.

Sevgül Qasımzadə

Oxşar xəbərlər