Nikah müqaviləsi nə üçün lazımdır? - VİDEO


  • 8 İyun 2021 12:22

"Nikah müqaviləsi tərəfləri gələcəkdə uzun sürən gərgin münaqişələrdən qoruyur, həmçinin onların sosial müdafiəsinin zəmanətçisi kimi çıxış edir”.

E-huquq.az xəbər verir ki, bu sözləri "Mirzayev & Partners Legal Firm" hüquq şirkətinin hüquqşünası Fidan İbrahimzadə "Hüquq bələdçisi"nin efirində nikah müqaviləsi barədə danışarkən deyib.

"Nikah müqaviləsi mülki müqavilələrin bir növu kimi təzahür edir. Lakin digər mülki müqavilələrdən fərqli olaraq, nikah müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Qeyd etmək zəruridir ki, nikah müqaviləsi yazılı formada bağlanmalıdır və mütləq şəkildə notariat qaydada təsdiq olunmalıdır. Bəzən təcrübədə rast gəlinir ki, ər və arvad şifahi razılaşma ilə əmlaklarını öz aralarında müəyyən edirlər. Lakin aralarında yazılı bir forma olmadığından gələcəkdə əgər nikaha xitam verilərsə, müəyyən mübahisələrə səbəb olur. Nikah müqaviləsi yalnız nikaha daxil olana qədər deyil də, nikah dövründə də bağlana bilər", - deyə F.İbrahimzadə qeyd edib.

Hüquqşünas hazırda cəmiyyətdə nikah müqaviləsinə münasibətin birmənalı olmadığını bildirib: "Təəssüf ki, bu gün nikah müqaviləsinin mahiyyətini düzgün anlanmırlar. Ona görə də insanlar arasında nikah müqaviləsi ilə bağlı mənfi fikirlər mövcuddur. Hesab edirəm ki, əksər insanlar nikah müqaviləsinin üstünlüklərindən xəbərdar deyil. Çünki nikah müqaviləsi tərəfləri gələcəkdə uzun sürən gərgin münaqişələrdən qoruyur, həmçinin onların sosial müdafiəsinin zəmanətçisi kimi çıxış edir. Tövsiyə edirəm ki, tərəflər ailə münasibətlərini müəyyənləşdirməmişdən əvvəl ilk növbədə bir-birilərinin sosial müdafiəsini hüquqi cəhətdən təşkil etsinlər".

Mövzu ilə bağlı daha ətraflı aşağıdakı videodan tanış ola bilərsiniz:

Oxşar xəbərlər