Şirkət yaratmaq üçün nə etmək lazımdır?


  • 11 Avqust 13:33

“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili, korporativ hüquq sahəsi üzrə mütəxəssis Sevil Yəhyayeva şirkət qurmaq üçün tələb olunan hüquqi prosedurlar barədə məqalə yazıb.

Məqaləyə keçməzdən öncə bildirək ki, S.Yəhyayeva Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinin məzunudur. O, hüquq sahəsi üzrə 15 ildən artıq iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Onun iş təcrübəsinə daxildir: müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərə (neft-qaz, tikinti, əczaçılıq, turizm, kənd təsərrüfatı və s.) korporativ məsələlər üzrə məsləhətlərin verilməsi (təsis, ləğv, yenidən təşkil, dəyişiklik və digər); iri qlobal şirkətlərin Azərbaycanda törəmə müəssisələrinin, nümayəndəliklərinin, filiallarının yaradılması üzrə hüquqi yardım, təsis, alqı-satqı müqavilələrinin tərtibi, bank hesablarının açılması və digər zəruri tədbirlər; qeyri-neft sektorunun inkişafı ilə bağlı müxtəlif fəaliyyət sahələrini əhatə edən İctimai Birliklərin təsis edilməsi və ümumilikdə, 800-dən çox kommersiya və qeyri-kommersiya qurumlarının (MMC, Səhmdar Cəmiyyət, Filial/Nümayəndəlik, QHT və s.) təsis edilməsi ilə bağlı hüquqi dəstəyin göstərilməsi.

E-huquq.az S.Yəhyayevanın məqaləsini təqdim edir:

Biz “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu olaraq hüququn bir çox sahələri (korporativ, əmək, miqrasiya, vergi, ailə, mülki, tibb, idman, məhkəmə və s.) üzrə xidmətlər göstəririk və bizə müraciət edən müştəriləri onların biznesə başlaması üçün təsis mərhələsindən başlayaraq müşayiət edirik.

Bu səbəbdən Sizə, sadə dildə desək, “şirkət açmaq” barədə danışacam. Yəni Azərbaycanda biznesə başlamaq üçün ən əlverişli təşkilatı-hüquqi forma hansıdır, üstünlükləri, qeydiyyatı üçün lazımi proseduralar və s.

Bildiyiniz kimi, qanunvericilikdə şirkət qurmaq üçün bir neçə təşkilati-hüquqi forma mövcuddur. Lakin bu gün Sizə onların içərisində ən əlverişli, prosedur və qanunvericilik tələbləri baxımından ən sadə olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barədə danışacam.

MMC-nin anlayışına toxunsaq: bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət MMC sayılır. Gördüyünüz kimi, qanunverici MMC-nin təsisçilərinin sayı barədə bir məhdudiyyət qoymur. Yəni, bu bir şəxs və ya bir neçə şəxs ola bilər və hətta əcnəbi vətəndaş da ola bilər. Qeyd etməliyəm ki, əcnəbi vətəndaş/lar olduğu təqdirdə, sənədləşmə və ya qanunvericilik tələbləri Azərbaycan vətəndaşı ilə eynidir, yəni heç bir əlavə və ya xüsusi tələb yoxdur.

MMC-nin digər üstünlüyü qanunvericilikdə onun nizamnamə kapitalı ilə bağlı hər hansı bir məhdudiyyətin olmamasıdır. Yəni, minimal və ya maksimal limit yoxdur, bu istənilən məbləğ ola bilər. Bu səbəbdən MMC təsis edilərkən nizamnamə kapıtalı daha çox 10-100 AZN arası formalaşır.

Həmçinin, MMC-nin qeydiyyat prosesinin çox sadə olduğunu qeyd etməliyəm və bu sahədə Dövlət Vergi Xidməti tərəfindən aparılan innovativ siyasəti vurğulamasam olmaz.

Bunu nəzərə alaraq, Sizə sözügedən innovativ və elektron qaydada hər hansı idarəyə getmədən edilə bilən MMC qeydiyyatını izah edəcəm. Prosedur çox sadədir və Siz 15-20 deqiqə sərf edərək özünüz MMC aça bilərsiniz. Qeyd etməliyəm ki, bu prosedur yalnız yerli MMC təsisi zamanı tətbiq olunur, yəni təsisçilər Azərbaycan vətəndaşı(ları) olduğu halda Siz bu qaydadan istifadə edə bilərsiniz. Əks təqdirdə, Siz qanunverciliklə tələb olunan sənədləri toplayaraq müvafiq Vergi orqanına müraciət edə bilərsiniz.

Deməli, elektron, yəni onlayn qaydada qeydiyyat üçün Siz sadəcə İnternet Vergi İdarəsi səhifəsinə daxil olaraq (https://login.e-taxes.gov.az/login/), ordan “Şəxsiyyət vəsiqəsi” bölməsini seçərək, şəxsiyyət vəsiqənizdə əks olunan FİN-i (Fərdi Eyniləşdirmə Nömrəsini), daha sonra isə mobil nomrənizi daxil etməlisiniz. Nömrə istənilən mobil operatora aid ola bilər, tək şərt onun Sizin adınıza qeydiyyatlı nömrə olmasıdır. Nəticədə Sizin adınıza olan elektron kabinetə daxil olmaq üçün telefonunuza təsdiq SMS-i gəlir. Bundan sonra Siz açılmış səhifədə “H/Ş (hüquqi şəxsin) elektron qeydiyyatı” bölməsini seçərək açılmış ərizə formasına tələb olunan məlumatları daxil etməlisiniz. Qeyd etmək lazımdır ki, Siz hüquqi şəxsin qeydiyyatı zamanı, həmçinin bank hesabı, ASAN imza sifariş verə bilər və işçi(lər) ilə əmək müqaviləsi bağlaya bilərsiniz.

Elektron qeydiyyatın digər üstünlüyü qeydiyyat üçün tələb olunan dövlət rüsumunun tətbiq edilməməsi (adi qaydada qeydiyyat üçün rüsum 15 AZN təşkil edir) və Sizə nizamnamə kapitalının ödənilməsi üçün 3 ay möhlət verilməsidir.

Beləliklə, Siz elektron qeydiyyat ərizənizi tamamladıqdan sonra 1 iş günü ərzində MMC-nin qeydiyyat sənədləri (Nizamnamə, reyestrdən çıxarış, VÖEN) Dövlət Vergi Xidməti tərəfindən Sizin elektron kabinetinizə göndəriləcək.

Vurğulamaq lazımdır ki, elektron qeydiyyat sənədləri Azərbaycan Respublikasındakı istənilən dövlət orqanı, banklar və digər qurumlar tərəfindən notarial qaydada təsdiq olunmadan qəbul olunur.
Əlbəttə ki, yuxarıda qeyd olunmuş qaydada Siz daha sadə və iştirakçıları yalnız Azərbaycan vətəndaşları olan MMC təsis edə bilərsiniz. Lakin əcnəbi və ya təsisçiləri hüquqi şəxs(lər) olan MMC-də təsisçilər arasında münasibətləri daha düzgün formalaşdırmaq, doğru biznes modelini seçmək, zərurət olduqda, hətta təsis müqaviləsi tərtib etmək məqsədi ilə hüquqşünasa müraciət etməyinizi tövsiyə edirəm. Qeyd etməliyəm ki, iri müəssisələrin iştirakı və ya böyük kapital qoyuluşu nəzərdə tutulan MMC-nin təsisi zamanı sonradan iştirakçılar arasında yarana biləcək problemlərin qarşısını almaq üçün münasibətləri öncədən, yəni təsis zamanı düzgün formalaşdırmaq zəruridir. Hər bir təsisçinin üzərinə düşən öhdəlik və hüquqlar, və ya təsisçilər arasında olan münasibətlərin tənzimlənməsi üçün doğru korporativ strukturun təşkili, ya da ki, fəaliyyət zamanı yarana biləcək mübahisələrin həll üsulları tərəflər arasında olan təsis müqaviləsi və (və ya) MMC-nin nizamnaməsində öz əksini tapması məqsədəmüvafiqdir. Halbuki, yuxarıda izah etdiyim qeydiyyat zamanı MMC-nin nizamnaməsi portal vasitəsi ilə tərtib edilir və çox sadə nizamnamə nümunəsidir.

Qeyd olunan məsələlərlə bağlı “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu sahibkarın mövcud çətinliklərinin aradan qaldırılması və ya gələcəkdə onlarla rastlaşmaması üçün zəruri olan istənilən hüquqi dəstəyi göstərməyə hazırdır.

“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu – 31 nəfərlik peşəkar vəkil komandası olan bürodur. Bizim fərqimiz – büromuz öz fəaliyyətini müştərilərə fərdi yanaşma, yüksək professionallıq, etibarlı əməkdaşlıq prinsipləri üzərində qurmuşdur. Bu səbəbdən müştərilərimizin əsas ehtiyaclarını anlayaraq, onları biznes yönümlü, xüsusi və praktiki həllər ilə təmin etməyi bacarırıq.

Son olaraq qeyd edim ki, məqalə ilə bağlı hər hansı sualınız olduğu təqdirdə, bizlə əlaqə saxlaya bilərsiz. İstənilən hüquqi məsələ ilə bağlı köməklik etməyə şad olarıq. Növbəti mövzularadək, hələlik!

Oxşar xəbərlər

  • 16 Sentyabr 17:52
Mirasda məcburi pay