Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

01 yanvar 2020 - ci il tarixindən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiq ediləcək


  • 15 Noyabr 2019 15:37

01 yanvar 2020 - ci il tarixindən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiq ediləcək. Bildiyiniz kimi, icbari tibbi sığorta "Tibbi sığorta haqqında" Qanunu ilə tənzimlənir. Xidmətlər zərfi isə baza və əlavə hissələrdən ibarət olmaqla sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığortahaqları dövlət büdcəsi hesabına ödənilir:

- 18 yaşınadək şəxslər; - 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər; - Pensiyaçılar; - Sosial müavinət almaq hüququna malik olan şəxslər; - Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; - Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar; - Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Kimlər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər; Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).

İcbari tibbi sığorta üzrə sığorta haqları ödəməkdən azad olmalar "Tibbi Sığorta haqqında" qanunun 15-2 maddəsində qeyd edilmişdi. İcbari tibbi sığorta üzrə sığorta haqları isə

"Tibbi Sığorta haqqında" qanunun 15 -10 maddəsində qeyd edilmişdi.

Maddə 15-2. İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar

15-2.1. Xidmətlər zərfinin baza hissəsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

15-2.2. Xidmətlər zərfinin baza hissəsinə münasibətdə sığortalı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

15-2.3. Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar aşağıdakı kateqoriyalara bölünürlər:

15-2.3.1. Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər;

15-2.3.2. neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər;

15-2.3.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:

15-2.3.3.1. Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;

15-2.3.3.2. peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;

15-2.3.3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;

15-2.3.3.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;

15-2.3.3.5. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

15-2.3.3.6. ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;

15-2.3.3.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

15-2.3.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

15-2.3.5. mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər;

15-2.3.6. bu Qanunun 15-2.3.1-ci – 15-2.3.5-ci maddələrində nəzərə tutulan şəxslər istisna olmaqla, digər şəxslər.

15-2.4. Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə münasibətdə isə sığortalı qismində işəgötürənlər çıxış edir.

15-2.5. Bu Qanunun 15-2.3.3-cü maddəsində nəzərdə tutulan şəxslərə münasibətdə sığortalı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

15-2.6. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər.

15-2.7. Bu Qanunun şamil edilmədiyi şəxslərin əhatə dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-2.8. Bu maddədə nəzərdə tutulan neft-qaz sahəsində fəaliyyətin və dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları

15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə –təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:

15-10.1.2.1. bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə: 1. sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi; 2. sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər üzrə – təqvim ili üçün adambaşına 120 manat.

15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,05 manat;

15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi;

15-10.1.8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.

15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

Müəllif: Rahim Abıyev, hüquqşünas

Oxşar xəbərlər