- 16:16
Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Tamerlan adlı şahid ifadə verib.
"Cinayəti törətdikdən sonra yanıma gəlib, amma mən onun cinayəti törətdiyini bilməmişəm. Daha sonra Fərid Hüseynzadəni bıçaqladığını deyib. Səbinə Vəliyeva mənə deyib ki, Fərid onun istəyi olmadan onunla cinsi əlaqədə olmaq istəyib. Mənim yanıma gələndə üzərində qan ləkəsi görməmişəm", - deyə o bildirib.
İttihamda qeyd olunur ki, Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayəyə götürərək qeyri-rəsmi yaşayıblar.
Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyeva sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb. Onlar 2024-cü ilin yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib. Çarpayıda yatan Fərid Hüseynzadəyə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib.
S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd), 120.2.2 (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ona ittiham irəli sürülüb.
Humay Eminqızı