Məzmuna keç

Narkoloji Mərkəzin həkimi ilə bağlı qərar çıxarıldı

Narkoloji Mərkəzin həkimi ilə bağlı qərar çıxarıldı

Narkoloji Mərkəzdə baş verən yanğın işində rüşvətdə ittiham olunan həkim, şöbə müdiri Afət Məmmədovanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Daha sonra mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri A.Məmmədova saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və M.Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib.

Eyni zamanda, hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.