Bu şirkət 12 min manat cərimələndi - QƏRAR


  • 16:26

Mərkəzi Bank "AZMA GROUP" MMC barəsində inzibati protokol tərtib edib.

E-huquq.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş protokola Abşeron Rayon məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb.

Məhkəmə tərəfindən müəyyən edilib ki,"AZMA GROUP" MMC 60000.00 (altmış min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini, ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədi nə vasitəçi banka, nə Mərkəzi Banka, nə də ki, məhkəməyə təqdim etməyib.

Məhkəmə hesab edib ki, "AZMA GROUP" MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş, yəni inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilməlidir.

Məhkəmənin qərarına əsasən, şirkət 12.000 ABŞ dolları məbləğində cərimə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər