Qanunsuz tibbi fəaliyyətə görə rüşvət işi üzrə məhkəmə başlayır


  • 5 Avqust 15:45

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

Oxşar xəbərlər