Arvadını parka aparıb öldürdü: "Dostumla sevgi münasibətlərindən şübhələnirdim" - MƏHKƏMƏ


  • 12:16

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşı Sevinc Məhərrəmova ilə Suraxanı rayonundakı parka gedib. Evdən götürdüyü mətbəx bıçağı ilə parkda ona 9 dəfə zərbə vuraraq qətlə yetirib.

N.Məhərrəmov özünü təqsirli bildiyini söyləyib: “Onu bilə-bilə aparıb öldürmüşəm. Sevinc ilə 2009-cu ildə ailə qurmuşam. Əvvələr zabit işləmişəm, 2 il sonra özümə sənət seçdim, usta kimi fəaliyyət göstərməyə başladım. 2012-ci ildə ilk övladım dünyaya gəlib. 2013-cü ildə yoldaşıma qarşı məndə şübhələr yaranmağa başladı. Şübhələnirdim ki, dostum Elnurla aralarında sevgi münasibətləri var. Elnur mənə tez-tez zəng edib harada olduğumu soruşurdu, işdə olduğumu deyəndə isə sağollaşırdı. Bir gün bizim evdə yığışmışdıq. Elnur dedi ki, yayda burda ağcaqanad çox olur. Mən də ondan soruşdum ki, sən hardan bilirsən ki, burada yayda ağacaqanad çox olur? Heç nə demədi. Sonra bir gün kafedə dostlarımızla əyləşmişdik. Elnur da orda idi. Hesabı aramızda bölüşüb ödəyəcəkdik. Mən masadan durub əllərimi yumağa gedəndə Elnur “mən heç nə verən deyiləm, onsuzda bunun arvadı ilə gəzirəm” ifadəsini işlədib. Bu məsələ sonra mənim qulağıma çatıb”.

Daha sonra zərərçəkmiş S.Məhərrəmovanın qardaşı sərbəst ifadə verərək bacısının üzərinə şər atıldığını deyib: “Natiq bacıma şər ataraq, guya balaca övladının ondan olmadığını iddia edib. DNT analizi aparılıb və sübut olunub ki, uşaq onundur. O, bacıma tez tez xəsarətlər yetirib döyürdü. Bacım qorxduğuna görə bizə heç nə demirdi. Sevinci parkda hər kəsin gözü qabağında öldürüb. Natiqlə münasibətimiz normal olub. Arada telefon söhbəti var idi. Mən o vaxt Natiqə dedim ki, əgər o telefonda xəyanətlə bağlı nəsə varsa, mən özüm bacımın başını kəsərəm”.

Təqsirləndirilən şəxs növbəti məhkəmə iclasında ifadəsini davam etdirəcək.

Məhkəmənin növbəti iclası 1 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, 35 yaşlı N.Məhərrəmov Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində həyat yoldaşı 39 yaşlı S. Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər