- 17:32
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadiqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs Elşən Rzayev sərbəst ifadə verib.
O, mərhum Bəyiş Quliyevlə qonşu olmaqla yanaşı, onunla yaxın dost olduğunu bildirib. E.Rzayevin sözlərinə görə, cinayət hadisəsinə mərhumun ona qarşı nalayiq ifadələr işlətməsi səbəb olub.
İttihama əsasən, tərəflər arasında mübahisə E.Rzayevə məxsus avtomobili B.Quliyevin idarə etdiyi zaman törədilən yol hərəkəti qaydası pozuntusuna görə yaranıb. Qayda pozuntusuna görə avtomobil sahibi cərimələndiyi üçün E.Rzayev narazılıq edib. Bir neçə gün sonra tərəflər aralarında yaranmış gərginliyi aradan qaldırmaq üçün görüşsələr də, mübahisə yenidən alovlanıb. Bu zaman B.Quliyev E.Rzayevə qarşı nalayiq ifadələr işlətdiyi üçün təqsirləndirilən şəxs ona iki bıçaq zərbəsi endirib.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədən Elşən Rzayevə ən ağır cəzanın verilməsini tələb edib.
Qeyd edək ki,hadisə 2025-ci ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.2(qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı