Atasının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 17:32

Atasının qətlini sifariş verməkdə ittiham edilən Fəqan Fərəcov, onunla birgə mühakimə olunan İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, F.Fərəcovun və İ.Hüseynovun 10 il, F.İsmayılovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən F.Fərəcov, İ.Hüseynov və F.İsmayılov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

İttihama görə, F.Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İ.Hüseynova sifariş verməsi, sonuncunun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu F.İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında F.Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İ.Hüseynov və F.İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Humay Eminqızı

Oxşar xəbərlər