Keçmiş komandirinin qızılını oğurladı - 9 ay cəza aldı


  • 12 Avqust 14:45

Bakıda tanışından oğurluq etməkdə təqsirləndirilən Namiq Babayevin (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, N.Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilinib və onun barəsində aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 9 ay müddətinə islah işləri cəzası təyin olunub.

İttiham aktına əsasən, N.Babayev birgə kirayədə yaşadığı tanışının evdə olmamasından istifadə edərək, ona məxsus idman çantasındakı kibrit qutusunda saxlanılan, dəyəri 980 manat olan qızıl boyunbağını gizli şəkildə oğurlayıb.

Məhkəmədə ifadə verən N.Babayev zərərçəkmiş şəxsi uzun illərdir tanıdığını, vaxtilə hərbi xidmətdə olarkən onun komandiri olduğunu bildirib. Onun sözlərinə görə, zərərçəkmiş sonradan Bakıda ona iş tapıb və birgə kirayə mənzildə yaşayıblar. Təqsirləndirilən şəxs oğurladığı qızıl boyunbağını “Sədərək” ticarət mərkəzində çalışan tanışına satıb. Hadisə üzə çıxdıqdan sonra isə həmin şəxsdən boyunbağını geri alaraq zərərçəkmişə qaytardığını deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər