- 26 Avqust 20:42
Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Məhkəmədə ifadə verən E. Rəhimova təqsirləndirilən şəxsləri tanımadığını bildirib: “Mənim kartımdan pul göndərilsə də, o əməliyyatı mən etməmişəm. Votsapda paylaşılan xəstə uşaqlara, qadınlara yardım üçün pul göndərmişəm. İstintaq zamanı mənə deyildi ki, 300 manat göndərmişəm. İfadəmdə də demişəm ki, mənim xəbərim yoxdur. Dəqiq heç nə bilmirəm”.
Şahid Aytən İsayeva deyib ki, təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıyır: "Xəqani qardaşımın qaynıdır. Mən 2013-cü ildə qızımla Suriyaya getmişdim, 2023-cü ildə oradan qayıtmışıq. Suriyada olanda ehtiyac olduğu üçün Xəqani bizə yardım göndərirdi. Xəqaninin Azərbaycanda hansı işlə məşğul olduğunu bilmirdim".
Şahid Məlahət Mustafayeva da təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıdığını bildirib. Onun sözlərinə görə, cinayət işində adı hallanan Elşən Mustafayev onun oğludur: "Biz Suriyaya getmişdik, bir il qalandan sonra qayıtmaq istəyirdik. Elşən Azərbaycan vətəndaşıdır. Biz Suriyadakı evimizi 11 min 500 dollara satmışdıq. Xəqani ilə Elşən arasında razılaşma var idi. Bu razılaşmaya görə Xəqani bizə 30 min manata yaxın pul vermişdi. Qalan məbləğin haradan gəldiyini bilmirəm".
Təqsirləndirilən Xəqani Ömərov deyib ki, onlara verdiyi 30 min manatın müəyyən hissəsini tanımadığı adamlar sədəqə kimi onun kart hesabına atıb.
Prosesdə ifadə verən şahid Zəminə Adıgözəlova deyib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır: "Mən 10 il ailəmlə birgə Suriyada yaşamışam. Mənə kart göndərmişdilər, həmin karta yardım məqsədilə 100 manat pul göndərmişdim. Həmin kart Aytən İsayevaya məxsus idi. Biz də Suriyada olanda yardım üçün 300-400 dollar göndərilmişdi. Bu pula ərzaq alıb ehtiyacı olan şəxslərə paylayırdıq. 2021-ci ildə yoldaşım orada vəfat etdi, 2022-ci ildə Azərbaycana qayıtdıq. Biz qayıdanda da Suriyada müharibə davam edirdi".
Şahid Ruslan Məmmədov da deyib ki, təqsirləndirilən şəxsləri tanımır: "Mən qardaşıma pul göndərmişdim. O, kənd təsərrüfatı ilə bağlı layihə hazırlayırdı. Dindar biri idi. Onun axtarışda olduğunu bilirdim. Qardaşımın barəsində cinayət işi açılmışdı. Bu cinayət işi dini fəaliyyəti ilə bağlı deyildi. O birinci Gürcüstana, oradan Türkiyəyə, sonra isə Suriyaya qaçmışdı. Pul göndərdiyimiz kartın Xəqani Ömərova məxsus olduğunu bilmirdim, onu tanımıram. Qardaşımın Azərbaycanda mənimsəmə cinayətinə görə məhkəməsi gedir".
İsmayıl Məmmədov ifadəsində özünün və yoldaşının kartından Xəqani Ömərovun kartına məbləğ köçürüldüyünü təsdiqləyib: “1200 manat sədəqə məqsədilə karta köçürmüşəm. Həmin karta pul göndərilməsi və yardım edilməsi barədə heç bir paylaşım etməmişəm. Yalnız yaxınlara, qohumlara demişəm ki, Ramazan ayıdı, köməklik edin. Pulların kimin hesabına köçürülməsi barədə xəbərim yoxdur. Atdığım məbləğin hərbi əməliyyatlarla bağlılığı ilə əlaqəsi yoxdur. Göndərdiyim pulların aydiyyəti üzrə xərclənməsi barədə daha sonra heç nə dəqiqləşdirməmişəm”.
Təqsirləndirilən şəxs Sultan adlı şəxsin bu və ya digər terror, silahlı qruplarla əlaqəsi barədə xəbəri olmadığını bildirib.
Dövlət ittihamçısının sözlərinə görə, İsmayıl Məmmədovun kartından Xəqani Ömərovun kartına 350 və yoldaşının adından 900 manat pul köçürülüb.
Şahid Elşən Məmmədov bildirib ki, təqsirləndirilənlərdən Anar Salamzadəni tanıyır: “Anar mənim kartıma pul göndərmişdi mən də onu başqa karta köçürmüşəm” .
Anar Salamzadə bu ifadəni təsdiqləyib.
Daha sonra Xəqani Ömərovun vəkili müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası 16 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Onlara qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı