Narkoloji Mərkəzin sabiq vəzifəli şəxslərinin məhkəməsinə şahidlər məcburi gətiriləcək


  • 26 Avqust 17:32

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin keçmiş baş direktoru Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid İlqar Salmanov bildirib ki, təqsirləndirilən şəxslərdən Zamin Əliyevi tanıyır: “Qaynım içki içirdi deyə mərkəzə yerləşdirmişdik. Mərkəzə yerləşdirmə və digər məsələlərlə əlaqədar pul verməmişəm. Yalnız xəstəyə siqaret alınması üçün Zamin Əliyevə 100 manat vermişəm. Özü isə məndən pul istəməyib.”

Qeyd edək ki, şahid məhkəməyə verdiyi ifadəsində 100 manatı xəstənin müalicə olunması üçün verdiyini bildirsə də, bu halı inkar edib.

Məhkəməyə ifadə verən Arzu Saxarova ifadəsində bildirib ki, Elşən Mustafayevi tanımır, Zamin Əliyevi isə savadlı həkim kimi tanıyır.

“Oğlumu mərkəzə müalicə üçün aparmışdım. Müəyyən dərmanlardan istifadə edirdi. Hazırda oğlum tam sağalıb. Uşağa vitaminlərin alınması üçün 100 manat vermişəm. Həkimin özü məndən pul istəməyib. Allah qapılarını açsın”, - şahid A.Saxarova bildirib.

Vəkillər səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyən Ofelya adlı şahidin ifadəsinin elan olunmasını yox, məhkəməyə gəlib ifadə verməsini istəyib. Onlar bunu şahidlərin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadələr arasında ziddiyyətlərin olması ilə əsaslandırıblar.

Təqsirləndirilən Zamin Əliyev bildirib ki, həmin xanım mərkəzə müraciət etməyib.

Növbəti məhkəmə iclasında sözügedən şahid videogörüntü vasitəsi ilə məhkəmədə istirak edərək ifadə verəcək.

Daha sonra məhkəməyə çağırılmalarına baxmayaraq iştirak etməyən Kamran Həsənov, Namiq İmranov və digər şəxslərin məhkəməyə məcburi gətirilməsi barədə qərar elan olunub.

Digər şahidlərin dindirilməsi ilə əlaqədar məhkəmənin növbəti iclası 9 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər