Arvadının qətlində təqsirləndirilən şəxs: "Mən adam öldürənə oxşayıram heç?"


  • 27 Avqust 13:14

Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs yoldaşı Aysel Qurbanovanı yatan yerdə elektrik naqili ilə işgəncəli əzab verməklə xüsusi amansızlıqla boğub. Mərhum naqili əli ilə tutub qurtulmağa çalışsa da, bu uğursuz olub.

Təqsirləndirilən şəxs ittihamla qismən razı olduğunu bildirib: "Qəsdən öldürdüyümü etiraf edirəm, amma mən adam öldürən birinə oxşayıram heç? Məni o həddə çatdırıb. İttiham aktında qeyd edilib ki, guya mən yoldaşımı uşaqların gözü qarşısında öldürmüşəm. Belə olmayıb. Övladlarım yatırdı, onlar oyanmasın deyə onu boğaraq öldürmüşəm. Pəncərə qırılıb səs gəlməsəydi, uşaqlar oyanıb otağa daxil olmayacaqdı. Otağa daxil olsalar da, heç nə görməyiblər qaranlıq idi. Onlara dedim ki, ananız xəstədir, ona görə belə səs gəlir. Bilmirdim ki, onu boğum, yoxsa uşaqlara izah edim. Mənim övladlarımın beynini doldururlar ki, atan ananı öldürüb. Onların xəbəri olmayacaqdı, amma müəyyən yaşa çatanda analarını mənim öldürdüyümü onlara deyəcəkdim. 8 gün aclıq etdim, amma məni yenə övladlarımla görüşdürmədilər. Etiraf edirəm ki, 25 naşında narkomanın biri idi. Mənə qızı 15 yaşında veriblər. Nişanı belə qaytarmaq istəyəndə deyiblər ki, qızın adına söz çıxar".

Məhkəmənin növbəti iclası 24 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Z.Quliyev 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O, hadisədən sonra könüllü polisə təslim olunub. Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9 (qəsdən adam öldürmə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər