Rasim İldırım məhkəmədə ifadə verdi


  • 11:25

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Təqsirləndirilən Rasim İldırım bildirib ki, daha əvvəl zabit vəzifəsində fəaliyyət göstərib. O, zərərçəkən şəxslə Qoşqar Məmmədov vasitəsi ilə tanış olub: “Qoşqar Məmmədov zəng etdi ki, Qurban Piriyev adında biznesmen tanışı var onun işini düzəltmək istəyir. Qurban Piriyev Türkiyədə yatırım etmək istəyirdi. Məndən xahiş etdilər ki, burada bir adam tapaq, zərərçəkən Türkiyəyə getmədən işini qura bilsin. Mən ona kömək etmək istəyirdim, aldatmaq niyyətim olmayıb. Bu məqsədlə zərərçəkəni Zaurla tanış etmişəm. Zaur Mirzəzadəni isə valideyinlərim vasitəsi ilə tanımışam. Qoşqarla Zauru da mən tanış etmişəm. Şərti “Pərviz“ adını istifadə etməyi Qoşqar məsləhət görüb. Qoşqara isə bunu mərhum Əmiraslanova deyib”.

Dövlət ittihamçısı Tural Yaqubov ona özünü başqa adla təqdim etməyinin səbəbini soruşub: "Siz polis orqanlarında, istintaq orqanlarında çalışmısınız. Sizə deyiləndə ki, özünü başqa adla təqdim et, niyə şübhələnmədiniz? Ümumiyyətlə, ittihamda qeyd olunduğuna görə, biznes üçün gələn adamı siz niyə Prezident Administrasiyasına yönləndirmək istəmisiniz? Digəriləninin saxta adla təqdim etməsi barədə nə deyəcəksiniz?"

Təqsirləndirilən şəxs bildirib ki, digərilərinin saxta adından xəbəri olmayıb, aldatma niyyəti isə ümumiyyətlə olmayıb. Qurban Piriyevin işini düzəltməyə tanış tapmaq məqsədilə kömək edib: “544 min manatın alınmasında özüm iştirak etmişəm. Pulların alınmasında Qoşqar və Zaurun iştirakı olmayıb. İlk dəfə pul 2018-ci ildə almışam. Ümumi məbləğin yarısından az almışam. Aldığım pulları Zaur və Qoşqara vermişəm. O vaxt mənə hansısa payın qalıb-qalmamağını isə xatırlamıram”.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin dindirilməsinin davam etdirilməsi üçün zərərçəkən şəxsin məhkəmədə iştirakının və çarpaz sualların verməsini məhkəməyə təklif edib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.

Məhkəmənin növbəti iclası 23 sentyabr tarixinə təyin edildi.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.

Humay Eminqızı

Oxşar xəbərlər