ABŞ səfirliyinə qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 3 Sentyabr 10:45

ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı və zərərçəkmiş tərəf işin məhkəməyə verilməsini təklif etsə də, təqsirləndirilən şəxsin vəkili işin baxışa verilməməsini və yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını və işi düzgün aparmadığına görə müstəntiq barəsində qanunvericiliyə uyğun olaraq xüsusi qərar çıxarılaraq cəzalandırılmasını istəyib.

Vəkil bildirib ki, səfirlik Rafiq Göyüşovdan şikayətçi deyil: “ABŞ səfirliyi Rafiq Göyüşovdan şikayətçi olmadığını, lakin təqsirli olduğu halda qanun çərçivəsində cəzalandırılmasını istəyib”.

Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti iclası 17 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir.
O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər