- 12:41
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən biri ifadə verib. O, baş verən hadisə nəticəsində daşınmaz əmlakına 65 min 180 manat ziyanın dəydiyini və ziyanın qarşılanmadığını bildirib.
Daha sonra yanğına nəzarət idarəsinin əməkdaşı Rüstəm Ağazadə şahid qismində ifadə verib.
“2023-ci ilin iyun ayında "Bakı Ağac Emalı" ASC-də yoxlama keçirmişik. Yoxlamada özüm iştirak etmişəm. Yoxlama zamanı müəyyən pozuntular aşkar edilib. Pozuntular quru otların təmizlənməməsi, siqnalizasiya sisteminin olmaması, elektrik və məsələlər ilə əlaqədar olub”.
Daha sonra təqsirləndirilən şəxslərdən birinin vəkili şahidə sual ünvanlayıb. Vəkil şahidə sadaladığı qeyd olunan çatışmazlıqlar aradan qaldırılmış olsaydı, o zaman partlayışın qarşısını almaq mümkün olub-olmaması ilə bağlı suallar verib.
Rüstəm Ağazadə bildirib ki, orada yanğın söndürən balonların olması və ya siqnalizasiya sistemi partlayışın qarşısını almaqla əlaqəli deyil.
Şahid yoxlama zamanı böyük rezonans doğuracaq təhlükələrin olmadığını vurğulayıb.
“Havalandırma sistemi baxımından pəncərə olub”, - şahid əlavə edib.
Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı