Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə prosesi keçirilib


  • 29 Sentyabr 11:03

“Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğına görə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədlinin məhkəməsinin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Mərkəzdə direktor müavini, baş həkim vəzifəsində çalışmış Dilarə Şirinova ifadə verib.

O bildirib ki, Mərkəzdə 2001-ci ildən işləyir və 2023-cü ilin aprel ayından direktor müavini kimi fəaliyyət göstərib:

"Hər 3 təqsirləndiriləni tanıyıram. Hadisə baş verən gün gecə saatlarında Mehriban xanım mənə zəng edib mərkəzdə yanğın olduğunu demişdi. Zəngdən sonra mən mərkəzə getmişəm. Mən gələndə yanğın artıq söndürülmüşdü. Uşaqlar 4-cü mərtəbədən, 2-ci mərtəbəyə keçirilərək stabilləşdirildikdən sonra təxliyyə edilirdi. Mən müalicə sahəsi üzrə müavin olmuşam, direktorun inzibati işlər üzrə müavini başqa idi".

D.Şirinova deyib ki, Mərkəzdə tibb bacılarının sayı az olub:

"2021-ci ildən icbari tibbi sığortanın tətbiq olunması ilə strukturda müəyyən dəyişiklik olmuşdu. Məsələn, müəssisələrə direktor təyin olunurdu, bəzi şöbələr birləşdirilirdi. Bununla bağlı mərkəzdə iclas keçirilirdi, özüm də orada iştirak etmişəm. Bizim mərkəz 3 D kateqoriyası idi. Göstərilən tibbi xidmətin artması ilə kateqoriya dəyişir. Kateqoriya artanda maaşlarda da dəyişiklik olurdu. Xəstələrin sayının artmasında M.Abbasquliyevanın müəyyən rolu olub. Mehriban xanım məzuniyyətdə olanda da xəstə sayını bilirdi, mərkəzdəki kameralara baxırdı. O, iclaslarda həmişə deyirdi ki, xəstə sayını artırmaq lazımdı. Tibb bacılarının sayı isə az idi. Uşağın vəziyyəti ağır idisə tibb bacısı 2 uşağa baxırdı. Orta vəziyyətdə isə tibb bacısı 4 uşağa baxırdı. Ümumi 4 palata var idi. Onlardan 2-si istifadə olunurdu. 2 palataya 2 tibb bacısı baxırdı. Yanğın olan gün 4 palatada 2 tibb bacısı olub".

Şahidin sözlərinə görə, yanan otaqda 31-32 elektrik yuvası olub:

"Arada tibb bacılarından eşidirdim ki, elektrik yuvalarından onları "tok" vururdu. Uzadıcılardan istifadə olunurdu çünki xəstə artmışdı. Uzadıcı və digər avadanlıqlar anbardan götürülürdü. Yanğınla bağlı təlimlər FXN əməkdaşları tərəfindən keçirilmişdi. Anbar sığorta şirkətinə tabe idi. İcbari tibbi sığorta əməkdaşları da struktur dəyişikliklərindəki iclaslarda iştirak edirdi. Əvvəllər orada 3-cü mərtəbədə palatanın sanitar qovşağında yanğın olduğunu eşitmişdim, səbəblərini isə bilmirəm” .

Məhkəmənin növbəti iclası 8 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər