- 7 Oktyabr 19:14
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən Elnur Həmidovun 9 il, Musa Əhmdəovun 3 il 6 ay və Elçin Hüseynovun 2 il müddətinə azadlıqdan məhkum edilməsini təklif edib.
Təqsirləndirilən şəxslərin son sözündən sonra məhkəmə müşavirəyə gedib və hökm oxunub.
Hökmə əsasən, Elnur Həmidova 4 il, Musa Əhmədova isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə E.Həmidovun cəzası 1 il 6 ay, M.Əhmədovun cəzası isə 1 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Digər təqsirləndirilən Elçin Hüseynova isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, bu ilin 4 yanvar tarixində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edildiyi bildirilir.
Faktla bağlı idmançılar – Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu iddia edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov isə polis nəzarəti altına verilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq), 126.2.4-cü (ağır bədən xəsarəti yetirmə) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşya ilə törədilən xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı