- 10:43
Populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zəruridir.
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov oktyabrın 14-də "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ədalətə gedən yol heç vaxt tamamlanmır:
"Qlobal məhkəmə icmasının üzvləri kimi hamımız ciddi çağırışlarla üz-üzəyik. Onların arasında populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zərurəti var. Texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur".
Ali Məhkəmənin sədri bildirib ki, bu kontekstdə Beynəlxalq Hakimlər Assosiasiyası son dərəcə mühüm rol oynayır:
"Bu qlobal məhkəmə icmasının birgə vicdanı kimi çıxış edir, müxtəlif regionlardan olan hakimləri müstəqillik, dürüstlük və hüququn aliliyinə sadiqlik prinsipləri ətrafında birləşdirir. Dialoq, əməkdaşlıq və ən yaxşı təcrübələrin mübadiləsi vasitəsilə Assosiasiya hüquq sistemləri arasında qarşılıqlı anlayışı möhkəmləndirir. Əminik ki, Assosiasiyanın himayəsi altında keçirilən bugünkü konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək. Eyni zamanda, bu tədbir hakimlərin yeni reallıqların yaratdığı çağırışlara qarşı daha hazırlıqlı olmasına kömək edəcək".