AHİ sədri: Azərbaycanda fövqəladə məhkəmələrin yaradılması qadağandır


  • 09:38

"1991-ci ildə ölkəmiz müstəqillik qazandıqdan, mürəkkəb və uzun prosesdən sonra 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını qoydu, dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunda çıxış etdi".

E-huquq.az xəbər verir ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfransda Azərbaycan Hakimlər İttifaqının (AHİ) sədri Ramiz Rzayev deyib.

O qeyd edib ki, eyni zamanda Konstitusiya dövlətin demokratik quruluşuna təminat verdi, insan hüquqlarının qorunmasını dövlətin ali məqsədi kimi bəyan etdi, qanunların aliliyini təmin edən hüquqi və dünyəvi dövlət quruculuğu üçün uyğun mexanizmlər yaratdi, xüsusən də məhkəmə hakimiyyətinin müstəqilliyini təsbit edərək, hakimlərin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və yalnız qanunlara tabe olmaqla baxacaqlarını müəyyən edib:

"Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, Konstitusiyamımızın qəbul edilməsinin 30-cu ildönümü münasibətilə bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib.

Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Hazırda ölkəmizdə üç pilləli məhkəmə sistemi fəaliyyət göstərir. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyata keçirirlər: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, ümumi və ixtisaslaşdırılmış məhkəmələr. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Konstitusiyamızın 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Burada aydın görə bilir ki, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü qədər əhəmiyyətlidir və fundamental mahiyyət kəsb edir.

Bu gün burada müxtəlif hüquq sistemlərini təmsil edən görkəmli hakimlər, bütün həyatını hüquqa, qanunçuluğa, qanunun aliliyinin qorunmasına həsr etmiş yüksək səviyyəli mütəxəssislər toplaşıblar. Əminəm ki, Konfrans zamanı aparılacaq müzakirələr və fikir mübadiləsi dünyada məhkəmə fəaliyyətinin və hüququn inkişafına öz töhfəsini verəcəkdir".

R.Rzayev qeyd edib ki, Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub: "Hazırda ölkəmizdə üç pilləli məhkəmə sistemi fəaliyyət göstərir. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyata keçirirlər: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, ümumi və ixtisaslaşdırılmış məhkəmələr. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır".

Oxşar xəbərlər