- 15:07
Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva və Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının üzvü Nailə Nəsibova Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən cari ilin 14-15 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunan “Məhkəmələr arasında transmilli dialoqun təşviqi” - Əqli Mülkiyyət Hakimlərinin Forumunda iştirak ediblər.
E-huquq.az xəbər verir ki, Forumda müxtəlif ölkələrdən 150-dən çox hakim iştirak edib. Tədbirdə əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübəyə malik ölkələrin (Yaponiya, Çin, Avstraliya, Kanada, Almaniya, İspaniya, İtaliya, Türkiyə və s.) hakimlərinin məhkəmə işləri üzrə məruzələri dinlənilib.
Forumda sənaye mülkiyyəti, dərman vasitələrinin patenləşdirilməsi, geniş tanınmış əmtəə nişanları, sübutlar, müəlliflik və əlaqəli hüquqlar, şəxsi hüquqlar, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hakimlərlə qarşılıqlı fəaliyyəti, mülki prosesdə zərərin hesablanması, əqli mülkiyyət hüquqlarının cinayət hüquqi müdafiəsi mövzuları üzrə sessiyalar təşkil edilib. Həmçinin prezentasiyalar təqdim olunub, məhkəmələrin son təcrübəsi və ən müasir çağırışlar iştirakçıların diqqətinə çatdırılıb.
Forumda süni intellekt tərəfindən yaradılmış məhsullarla bağlı məhkəmə mübahisələri geniş müzakirə olunub. Günel Sevdimalıyeva mövzu üzrə müzakirələrdə iştirak edərək, iştirakçıların diqqətinə hazırda Bakı şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) növbəti 67-ci sessiyasının keçirildiyini çatdırıb.