- 17 Oktyabr 21:14
"Birinci oxunuşda qəbul edilən qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi istiqamətində vacib addımlardan biridir".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini və Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov Milli Məclisin bugünkü plenar iclasında "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu dəyişiklik ilk növbədə hakimlərin xidməti vəsiqələrinin təqdim və təsdiq edilməsinə dair vahid yanaşmanı təmin edəcək:
"Müzakirədə iştirak edən və səmərəli təkliflərlə qanunu dəstəkləyən deputatlara təşəkkür edirəm. İnanıram ki, layihənin qəbulu ölkəmizdə ədalət mühakiməsinin təkmilləşdirilməsinə və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə mühüm töhfə verəcək".
Çingiz Əsgərov xatırladıb ki, bu həftə ərzində Azərbaycanda Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclası keçirilib:
"Tədbir iştirakçılarına cənab Prezident İlham Əliyev müraciət ünvanlayıb. Sessiya iştirakçıları həmçinin tam tərkibdə Milli Məclisdə olublar. Buna görə Sahibə xanıma təşəkkür edirəm. Bu, məhkəmə hakimiyyətinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Sessiya iştirakçıları da öz növbəsində qeyd edib ki, Azərbaycanda demokratik əsaslarla fəaliyyət göstərən dövlət mövcuddur və hakimiyyət qolları arasında qarşılıqlı hörmət, əməkdaşlıq və səmərəli münasibətlər formalaşıb".
Şəbnəm Mehdizadə