Əhməd Məmmədlinin məhkəməsində şahidlər ifadə verdi


  • 11:53

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı şahid qismində dindirilib.

O bildirib ki, Binəqədi Rayon Polis İdarəsində çalışır: "Gecə saat 9-10 radələrində təsadüfən hadisə baş verən yerdən keçəndə yerdə uzanan vətəndaşı gördüm. O bıçaqlandığını bildirib. Bıçaq da yanında idi, yerdə də qan var idi".

Polis əməkdaşı təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilmədiyini bildirib.

Ə.Məmmədli bildirib ki, polislərin üzü maskada olduğu üçün onu görməyib: "Mən polis tərəfindən maşına mindirilib aparılanda təcili yardım maşını artıq qabaqcadan gəlmişdi".

Daha sonra taksidə sərnişin qismində olan şəxs ifadə verib: "Zərəçəkmiş şəxs arxa oturacaqda oturan Əhmədlə mübahisə etdi ki, ayağını çək, mən səndən daha iriyəm. Daha sonra zərərçəkən qışqıraraq sürücünün maşını kənara çəkməsini istəyib. Baş verən hadisə isə taksidən düşəndən sonra olub".

Digər şahidlərin dindirilməsi ilə əlaqədar məhkəmənin növbəti iclası 8 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, Ə.Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanılıb.

Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Ə.Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər