12 il əvvəl istifadəyə verilmiş “Elektron məhkəmə”nin yenilənməsinə zərurət vardı - RƏSMİ AÇIQLAMA


  • 15:58

Məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, operativliyin təmin edilməsi və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə 31.03.2026-cı il tarixdən etibarən “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyası və yenilənmiş Elektron kabinetistifadəyə verilib.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Məhkəmə-Hüquq Şurasından bildirilib.

Qeyd olunub ki, müasir dövrün tələblərinə əsasən, 2014-cü ildən istifadəyə verilmiş “Elektron məhkəmə” informasiya sisteminin yeni interfeys və proqram təminatı əsasında yenidən qurulması zərurəti yaranıb: "Yeni sistem müasir texnoloji tələblərə uyğun olaraq təkmilləşdirilib, istifadəçi dostu interfeys və geniş funksional imkanlarla zənginləşdirilib. Yenilənmiş platforma vasitəsilə vətəndaşlar, vəkillər və digər proses iştirakçıları məhkəmə xidmətlərindən daha sürətli və rahat şəkildə yararlana biləcəklər. Yenilənmiş “Elektron məhkəmə” İnformasiya Sistemi məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım olmaqla yanaşı, ədalət mühakiməsinə çıxışın daha əlçatan və effektiv olmasına xidmət edir".

Bununla yanaşı, bildirilib ki, yeni sistemə keçid zamanı əvvəlki platformada mövcud olan bütün data, informasiya və sənədlər uğurla yenilənmiş sistemə köçürülüb və məhkəmələrin icraatında olan elektron işlər üzrə öz əksini tapmaqdadır.

Həmçinin yeni platforma daha çox məlumatı özündə birləşdirən çoxşaxəli funksional tapşırıqları icra etmək imkanına malikdir.

Qeyd olunub ki, keçid prosesi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı müraciətlərin operativ cavablandırılması üçün Məhkəmə-Hüquq Şurasının Qaynar xətti (887) həftənin bütün günləri fasiləsiz olaraq fəaliyyət göstərməkdədir.

Eyni zamanda müraciətlərin yazılı formada təqdim edilməsi məqsədilə elektron kabinet üzərindən texniki dəstək bölməsinə müraciət imkanı yaradılıb.

Humay Eminqızı

Oxşar xəbərlər