Auditorlar Palatasının sabiq vəzifəli şəxslərinə hökm oxundu


  • 15:18

Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın məhkəməsinin növbəti prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Auditorlar Palatasının 3-4 illik büdcəsinin müəyyən olunması ilə bağlı sözügedən müəssisəyə göndərilən sorğunun nəticələri elan edildikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı ötən çıxışını yenidən müdafiə edərək hər üç təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Daha sonra hökm oxunub. Hökmə əsasən, Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib. O məhkəmə zalında həbs edilib. Fəridə Novruzova 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası övladı dünyaya gəlib 14 yaşına çatana qədər təxirə salınıb. Vəli Rəhimov isə yüngül cəza təyin edilərək 2 min manat cərimələnib.

Auditorlar Palatasının iddiası qismən təmin edilib.

Cinayət Məcələsinin 308-ci maddəsi üzrə başlanmış cinayət təqibinə xitam verilib.

Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatdığından, həmin maddə üzrə cinayət işinə xitam verilib.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.

Humay Eminqızı

Oxşar xəbərlər