- 15:18
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəb (Səbuhi Vaqifoğlu) və onun tanışı Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, Səbuhi Rəcəbə əvvəlki cəzası da hesablanaraq qəti olaraq 8 il 2 ay müdətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Elman Mirzəyevə isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib.
Qeyd edək ki, İstintaq materiallarında onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməkdə şübhəli biliniblər.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki E.Mirzəyev Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustasıdır.
S.Rəcəb isə əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. 2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub. O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
Humay Eminqızı