- 12:27
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsinin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
X.İsmayılova ifadəsində bildirib ki, yalnız dolğu və saplarla həyata keçirilən prosedurları edib. Liposaksiya əməliyyatlarını isə o icra etməyib. Prosedur zamanı Ceyhunə Fərəcovanın Hepatit C virusuna yoluxması məsələsinə aydınlıq gətirən təqsirləndirilən bildirib ki, zərərçəkmiş şəxs əməliyyatdan öncə sözügedən virusa yoluxub: “Əməliyyatdan öncə testlər keçiriləndə Ceyhunə Fərəcovada Hepatit C virusu aşkar edilmişdi”.
Daha sonra vəkil təqsirləndirilən şəxsə sual ünvanlayaraq Hepatit C virusuna yoluxan şəxsdə əməliyyatların aparılmasına icazə olub-olmadığını soruşub. X. İsmayılova öncə bildirib ki, əməliyyatın aparılmasına icazə var. Daha sonra isə Ceyhunə Fərəcovanın əməliyyatdan öncə ona virusdan sağaldığını bildirdiyini deyib.
“Orta təhsillisiz, tibb təhsili olmadan mərkəzdə necə fəaliyyət göstərmisiz? Səhiyyə Nazirliyi və ya digər aidiyyatı qurumlar tərəfindən yoxlamalar keçirilməyib?”, - hakim Fəxri Məmmədov təqsirləndirilən şəxsdən soruşub.
X.İsmayılova cavabında bildirib ki, mərkəzdə yoxlamalar aparılıb və yalnış cərimə tətbiq edilib. Özü isə prosedurları icra etməyi öyrənmək üçün 4-5 aylıq kurslara gedib.
İfadə verən digər təqsirləndirilən Rəsmiyə Quliyeva da orta təhsilli olduğunu bildirib. Onun sözlərinə görə, mərkəzin qəbul şöbəsində fəaliyyətə başlayıb. Sonra Gülbadam xanımın yanında fəaliyyət göstərərək əsasən dərman işlərinə baxıb: “Gülbadam liposaksiya əməliyyatlarını icra edirdi. Bir gün mənə də əməliyyatları həyata keçirməyi təklif etsə də, mən razılaşmayaraq yenidən qəbul şöbəsində fəaliyyətimə qayıtdım”.
Təqsirləndirilən Murad Bağırovun isə mərkəzdə işləməzdən öncə usta kimi fəaliyyət göstərdiyi məlum olub.
Qeyd edək ki, o digər təqsirləndirilən X. İsmayılova ilə qohumdur.
M.Bağırov bildirib ki, mərkəzdə elektron işlərə baxıb və prosedurlarda köməkçi kimi fəaliyyət göstərib: “Prosedurlarda üz sapları və digər avadanlıqların verilməsində köməklik edirdim. Gigiyena qaydalarına əsasən papaq və xalatda olmuşam. Əmək müqaviləmə əsasən hansı vəzifə icra etdiyimi bilmirəm, müqaviləni oxumadan imzalamışam”.
Məhkəmənin növbəti iclası 21 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.
Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma); 309.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma); 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq), 139-1.2-ci; 142.2-ci; 310-cu; 322.1-ci maddələri üzrə cinayət işi açılıb.
Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.
Humay Eminqızı