- 11:40
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Bakı Mühəndislik Universitetinin Memarlıq və inşaat fakültəsinin tələbələri Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
E-huquq.az xəbər verir ki, tələbələr klassik üslubda inşa edilmiş, milli memarlıq elementləri və müasir texnologiyalarla zənginləşdirilmiş Ali Məhkəmənin inzibati binası ilə tanış olublar. Ekskursiya zamanı onlara binanın memarlıq həlli, konstruktiv xüsusiyyətləri və müasir interyer dizaynı barədə ətraflı məlumat verilib.
Daha sonra tələbələrin Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Teyyub Muxtarovla görüşü keçirilib. Görüş zamanı ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət idarəçiliyində yeri və rolu, habelə qanunvericiliyin tətbiqi və məhkəmə təcrübəsi barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr tədbirlə bağlı xoş təəssüratlarını bölüşüb, xatirə fotosu çəkdiriblər.
Görüşdə fakültənin dekan müavini Namiq Abbasov da iştirak edib.

