Zabil Qəhrəmanovun məhkəməsi başladı


  • 13:57

Dələduzluq və xuliqanlıqda təqsirləndirilən vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Z.Qəhrəmanovun vəkili hakimə etiraz edib. Buna səbəb isə təqsirləndirilən şəxsin şüşə qəfəsdə deyil, vəkilin yanında əyləşməsi ilə bağlı vəsatəti təmin etməməyi olub.

Etiraz baxılmadan saxlanılıb.

Daha sonra vəkil məhkəməyə 3 vəsatət təqdim edib. Bu vəsatətlər cinayət təqibinə xitam verilməsi, ərazi aidiyyatı üzrə Göygölə göndərilməsi və həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı olub.

Vəsatətlə 10 iyul tarixində baş tutacaq hazırlıq iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Zabil Qəhrəmanovun barəsində cinayət işi ötən ilin oktyabrında Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılır. O, Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Humay Eminqızı

Oxşar xəbərlər