- 14:28
"Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabovun Təşkilatının 6 aylıq fəaliyyəti ilə bağlı e-huquq.az-a müsahibəsini təqdim edirik:
- 2026-cı ilin I yarımili geridə qalır, bu müddət ərzində Femida Könüllüləri üçün hansı işlər görülüb?
- Təşkilatımızın fəaliyyətində cari ilin ilk yarısı həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəlməsi baxımından olduqca dinamik bir hesabat dövrü kimi yadda qalmışdır. İlk növbədə qeyd etmək istərdim ki, "Femida Könüllüləri" Təşkilatı təsis olunduğu tarixdən etibarən hərəkatımıza cəlb olunmuş gənc hüquqşünasların ümumi sayı 1885-ə çatmışdır ki, bu da müvafiq dövr üzrə Azərbaycan Respublikasında hüquq fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrin nisbətində ortalama 45%-ni təşkil edir. 1885 gəncin cəlb edildiyi fəaliyyətinin sayı isə 2173-ə yüksəlmişdir.
Bu yarımildə əldə etdiyimiz digər strateji nailiyyət fəaliyyət coğrafiyamızın daha da genişləndirilməsidir. Paytaxt Bakı ilə yanaşı, Naxçıvan və Qarabağ regionlarında təhsil alan gənclər üçün ixtisas yönümlü müxtəlif layihələr, təlimlər həyata keçirilmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, yay aylarında həyata keçirilən könüllülük proqramı çərçivəsində 400-dən çox hüquq tələbəsi respublikanın 46 bölgəsində yerləşən 81 müxtəlif dövlət qurumunda aktiv praktiki fəaliyyətə cəlb edilmişdir.
Nəhayət, geridə qalan aylar ərzində könüllülərin peşəkar bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına, eyni zamanda hüquqi maarifləndirmə çərçivəsində nəzəri biliklərinin möhkəmlənməsinə yönələn müxtəlif layihələr icra edilmişdir. Gənclər müxtəlif layihələrdə, dövlət əhəmiyyətli tədbirlərdə, beynəlxalq konfrans və forumlarda yaxından iştirak edərək mühüm bilik və təcrübə əldə etmişlər.
- Könüllülük proqramına hüquq tələbələrinin marağını necə qiymətləndirirsiniz?
- Tələbələrin dövlət qurumlarında təcrübə qazanmağa, praktiki biliklər əldə etməyə və peşəkar inkişaf imkanlarından yararlanmağa marağı olduqca yüksəkdir. Hazırda könüllü proqram çərçivəsində cari 400-dən çox hüquq tələbəsinin könüllü kimi fəaliyyət göstərməsi də bu aktivliyin bariz göstəricisidir. Bu göstərici ölkə üzrə hüquq fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrin 17,5%-ni təşkil edir. Belə bir rəqəm həm də "Femida Könüllüləri" Təşkilatına olan etimadın və tələbələr arasında qazandığımız nüfuzun sübutudur. Proqram gənclərə nəzəriyyəni praktikada tətbiq etmək şansı verməklə yanaşı, onların məsuliyyətli, təşəbbüskar mütəxəssis kimi formalaşmasına və milli-mənəvi ruhda yetişməsinə dəstək olur.

Təşkilat olaraq əsas hədəfimiz könüllülərin əhatə dairəsini daha da genişləndirmək və gənc hüquqşünasların fərdi, nəzəri-praktiki inkişafı üçün hər bir şəraiti yaratmaqdır. Bununla yanaşı, könüllülərimizin asudə vaxtlarını daha səmərəli etmək məqsədilə fəaliyyətimizdə mədəni layihələrin sayını artırmağı planlaşdırırıq.
- Femida Könüllülərinin cəlb edilməsi prosesi necə həyata keçirilir? Seçim zamanı hansı meyarlar əsas götürülür və yeni könüllülər üçün hansı imkanlar yaradılır?
- Femida Könüllülərinin cəlb edilməsi hamı üçün əlçatan formada həyata keçirilir və seçim prosesi şəffaflıq, obyektivlik və bərabər imkanlar prinsiplərinə uyğun təşkil olunur. Proqrama qoşulmaq istəyən namizədlər portal.fmd.az saytı vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yaradaraq fəaliyyətdə olmaq istədikləri qurum üzrə müraciət edirlər. Müraciətlər qəbul olunduqdan sonra namizədlər növbəlilik prinsipi əsasında müsahibəyə dəvət olunurlar. Seçim zamanı namizədlərin hüquq sahəsinə marağı, motivasiyası, ünsiyyət bacarıqları, analitik düşüncə tərzi və komandada işləmək bacarığı əsas meyarlar kimi qiymətləndirilir. Proqrama qəbul olunan könüllülər məhkəmə, ədliyyə, vəkillik və mediasiya qurumlarında praktiki fəaliyyət göstərmək, peşəkar hüquqşünaslarla birgə işləmək, müxtəlif təlim və layihələrdə iştirak etməklə nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək imkanı əldə edirlər.
- Yay aylarında regionlarda həyata keçirilən könüllülük proqramının əsas məqsədi nədir və gənclər üçün necə tətbiq olunur?
- Yay aylarında regionlarda reallaşdırılan bu könüllülük proqramı gənclərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, regionlarda fəaliyyətin təmin edilməsi və könüllülük fəaliyyətinə əlçatanlığın artırılması məqsədilə yay tətilində 45 gün ərzində (1 İyul - 15 Avqust) STEP I və STEP II mərhələləri üzrə tətbiq olunur. Qeyd edim ki, cari buraxılışda ötən buraxılışla müqayisədə ikiqat artım müşahidə edilir; belə ki, mexanizmin uğurlu göstəricisi olaraq hazırda region modulu çərçivəsində 207 hüquq tələbəsi müxtəlif 55 qurumda könüllü kimi praktiki fəaliyyətə cəlb edilmişdir. Proqramın əsas fəaliyyət istiqamətləri region gənclərinin hüquqi maariflənməsinə, peşəkar inkişafına və hüquq sahəsində gələcək fəaliyyətlərinə mühüm töhfə verməkdən ibarətdir. Bu hədəflərə nail olmaq üçün təşkilat tərəfindən regionlarda fəaliyyət göstərən könüllülər üçün müxtəlif təlimlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulur.
- Son altı ay ərzində könüllülərin peşəkar inkişafı istiqamətində hansı təlimlər, layihələr və digər fəaliyyətlər təşkil olunub?
- Hesabat dövründə "Femida Könüllüləri" Təşkilatı könüllülərin peşəkar inkişafının dəstəklənməsi istiqamətində müxtəlif layihə və təşəbbüsləri uğurla davam etdirib. Bu çərçivədə, "Femida Akademiya" layihəsi vasitəsilə 110 hüquq tələbəsin hüququn müxtəlif sahələri üzrə təlimlər təşkil olunaraq iştirakçıların praktiki bacarıqları real məhkəmə təcrübəsi əsasında nəzəri biliklərlə möhkəmləndirilib.

"Legal Ring" intellektual yarışı gənc hüquqşünasların hüquqi biliklərinin artırılması, analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. Layihə hüquq fakültəsində təhsil alan tələbələr arasında ən çox maraq doğuran və yüksək iştirakçılıq səviyyəsi ilə seçilən layihələrdən biri olmuşdur. Yarışda ümumilikdə 90 könüllü iştirak etmişdir.
Yarışın komanda formatında, "Breyn-rinq" və "Nə? Harada? Nə zaman?" intellektual oyun modelləri əsasında keçirilməsi iştirakçıların layihəyə marağını daha da artırmış, onların həm nəzəri biliklərini, həm də praktik düşünmə bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli mühit yaratmışdır. İştirakçılar qruplar şəklində hüququn müxtəlif sahələrini, eləcə də ümumi dünyagörüşünü əhatə edən sualları müəyyən zaman çərçivəsində cavablandıraraq yüksək rəqabət şəraitində mübarizə aparmışlar.
"Legal Meetup" layihəsilə könüllülərin hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşləri təşkil edilərək onların praktiki təcrübə ilə yaxından tanış olmaları təmin edilib. Könüllülərin hüquqi-nəzəri biliklərinin artırılması və onların peşəkarların təcrübələrindən faydalanması məqsədilə start verilən bu platformaya ümumilikdə 200 hüquq tələbəsi cəlb olunmuşdur.
"Dəyirmi Masa" layihəsi çərçivəsində aktual hüquqi mövzular və real kazuslar peşəkar hüquqşünaslarla birlikdə müzakirə olunaraq könüllülərin hüquqi təhlil bacarıqlarının inkişafına töhfə verilib. Layihə çərçivəsində ümumilikdə 60 könüllü iştirak etmiş, interaktiv müzakirələr, müqayisəli metodologiya əsasında aparılan hüquqi qiymətləndirmələr və praktiki yanaşmalar vasitəsilə onların analitik düşünmə, hüquqi əsaslandırma və peşəkar müzakirə bacarıqları gücləndirilib.
Bununla yanaşı, hesabat dövründə məhkəmələrdə və vəkil bürolarında hakimlər və vəkillərin iştirakı ilə hüququn müxtəlif sahələrini əhatə edən ümumilikdə 18 təlim təşkil olunub və bu təlimlərə 270 könüllü cəlb edilib. Müqayisəli olaraq qeyd etmək lazımdır ki, ötən il ərzində bu istiqamətdə 16 təlim həyata keçirilib.
Həmçinin "Femida TV" və "Femida FM" layihələri çərçivəsində hakimlər, vəkillər və digər peşəkar hüquqşünasların iştirakı ilə podkastlar, videoçarxlar və canlı yayımlar vasitəsilə hüquqi maarifləndirmə həyata keçirilib. Hər iki layihə üzrə yayımlanan məzmunlar ümumilikdə 5000-dən çox izlənmə qeydə alıb ki, bu da hüquqi maarifləndirmə fəaliyyətinin geniş auditoriyanı əhatə etdiyini göstərir.
- Bu dövr ərzində dövlət qurumları, ali təhsil müəssisələri və digər tərəfdaşlarla əməkdaşlıq istiqamətində hansı nəticələr əldə olunub?
- Fərqli qurumlarla əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi hesabat dövründə əsas prioritetlərimizdən biri olmuşdur. Bu çərçivədə Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, habelə Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası və Dövlət Gömrük Akademiyası ilə birgə gənclərin inkişafına yönəlmiş silsilə hüquqi maarifləndirmə tədbirləri, ixtisaslaşdırılmış təlimlər, infosessiyalar və interaktiv görüşlər uğurla gerçəkləşdirilmişdir. Gələcək hədəfimiz isə bu uğurlu əməkdaşlığı davamlı qorumaq, əhatə dairəsini daha da böyütməklə gənc hüquqşünasların potensialının artırılmasında əsas hərəkətverici qüvvəyə çevrilməkdir.

- Salman müəllim, bu gün hüquq fakültəsində təhsil alan gənclərə əsas çağırışınız nədir? Hazırda bu qədər platforma varkən, gənc hüquqşünaslar niyə məhz "Femida Könüllüləri" Təşkilatına qoşulmalıdırlar?
- Hüquq sahəsində təhsil alan bütün gənclərə əsas çağırışım odur ki, universiteti bitirib diplom alana qədər gözləməsinlər. Müasir dövrdə uğurun əsas rəhni sadəcə nəzəri biliklər deyil, bu bilikləri praktikada tətbiq etmək bacarığıdır. Buna görə də, bilik və bacarıqları hələ tələbəlik illərindən davamlı inkişaf etdirmək və praktiki təcrübəni zənginləşdirmək olduqca vacibdir.
Gənc hüquqşünasların karyera yüksəlişi üçün məhz "Femida Könüllüləri" Təşkilatını seçməli olmalarının səbəbi qarşımızda müəyyən etdiyimiz strateji hədəflərlə bağlıdır. Biz sadəcə bir təcrübə platforması deyil, hüquqşünas gənclərlə iş üzrə uğurlu bir "milli model" formalaşdırırıq. Məqsədimiz vətənpərvər, konstruktiv düşüncəli və qlobal hüquq mexanizmlərini operativ təhlil edərək tətbiq edə bilən peşəkar gənc hüquqşünas şəbəkəsini yaratmaqdır.
"Femida Könüllüləri"nə qoşulan gənclər qanunların icrasında məsuliyyət daşımaq bacarıqlarını inkişaf etdirir, hüquqi problemləri effektiv həll etmə və düzgün qərarlar qəbul etmə qabiliyyətlərini formalaşdırırlar. Əvvəldə da qeyd olunduğu kimi, bütün bu fəaliyyətlər dövlətinə və xalqına yararlı, yüksək peşəkarlığa malik kadrların yetişdirilməsinə xidmət edir. Bununla yanaşı, digər bir hədəfimiz hüquq sahəsində gənc kadrların formalaşdırılması üzrə beynəlxalq nümunəyə çevrilərək, digər ölkələrdə Azərbaycan nümunəsini tətbiq etməkdir.
Humay Eminqızı