Ali Məhkəmə bəraət verdi


  • 15:57

Bu gün Ali Məhkəmədə qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Rüstəm Məmmədov barəsində qərardan verilən kassasiya protestinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib. Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu yivli silah hesab edilən 01 ədəd ov karabinini və döyüş sursatı hesab olunan 160 ədəd patronu qanunsuz olaraq əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisinə daşımaqla yaşadığı evdə gizlədərək saxlayıb. Bu barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxladığı keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 9087 nömrəli, 5,6 millimetr kalibrli, TOZ-16 modelli, sürgülü odlu yivli silah hesab edilən, atəş üçün yararlı 01 ədəd ov karabini və zavod üsulu ilə istehsal olunmuş, 5,6 millimetr kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 160 ədəd patron aşkar edilərək götürülüb.

R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, R.Məmmədovun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi də bəraət hökmünü qüvvədə saxlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər