Qəza törədən sərxoş sürücüyə hökm oxundu


  • 11:39

Abşeronda sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olunub.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, 1997-ci il təvəllüdlü İlkin Ağayev (şərti ad-soyad) sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnaməsi olmadan, həmçinin spirtli içki qəbul etdikdən sonra "Chevrolet Cobalt" markalı avtomobillə hərəkətdə olub. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 16,7-ci kilometrliyində maksimal sürət 60 km/saat olsa da, o, avtomobili təxminən 70 km/saat sürətlə idarə edib. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən nəzarəti itirib və əvvəlcə yolun sağ tərəfindəki beton səddə çırpılıb. Daha sonra avtomobil sola istiqamətlənərək digər zolaqda hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Chevrolet Cobalt”ın sərnişini xəsarət alıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib və hadisədən peşman olduğunu bildirib. O deyib ki, hadisə zamanı avtomobili 70 km/saat sürətlə idarə edib və yağış səbəbindən idarəetməni itirib.

Təqsirləndirilən şəxs qəza baş verməzdən əvvəl spirtli içki qəbul etdiyini də etiraf edib. O, avtomobili tanışı Əzimdən ustaya göstərmək məqsədilə aldığını və avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığını bildirib.

Məhkəmə bu hərəkətləri Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət kimi qiymətləndirib. Məhkəmənin hökmünə əsasən, İ.Ağayev 1 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər