İnformasiya sisteminin iştirakçılarının (hakimlər və məhkəmə aparatı işçiləri) qanunla müəyyən edilmiş hallarda və qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edəcəyi məlumatlar müəyyənləşib.
E-huquq.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.
Əsasnaməyə əsasən, həmin məlumatlar aşağıdakılardır:
– hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər barədə məlumatlar;
– vergi ödəyicisi ilə bağlı keçirilmiş yoxlamalar haqqında məlumatlar;
– telefon nömrələri barədə məlumatlar;
– əmək müqaviləsi, pensiya və sosial müavinətlər haqqında məlumatlar;
– daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və istifadə hüquqlarına dair məlumatlar;
– daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarının məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatlar;
– şəxslər barəsində axtarış və cinayət işlərinə, məhkumluğa, cərimə ödənişlərinə dair məlumatlar;
– şəxsə məxsus olan nəqliyyat vasitələri barədə məlumatlar;
– sürücülük vəsiqələri barədə məlumatlar;
– şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu;
– sərhədkeçməsinə məhdudiyyət qoyulmuş şəxslər barədə məlumatlar;
– ipoteka kreditləşməsi və təminat verilən kreditlər üzrə bank sirri təşkil edən məlumatlar;
– kredit təşkilatlarından – şəxslərin bank və ya kredit təşkilatlarında mövcud olan hesabları, əmanətləri, hesablardakı vəsaitlərinin miqdarı barədə məlumatlar;
– kredit məlumatlarının icmalı, borcalanın aktiv öhdəlikləri, borcalanın bağlanmış öhdəlikləri, borcalanın zamin olduğu öhdəliklər;
– ipoteka və ya girov saxlayan qismində xeyrinə yüklü edilən daşınmaz və ya daşınar əşyalar barədə məlumatlar;
– məcburi köçkünlər barədə məlumatlar;
– elektrik enerjisi, içməli su və qaz abunəçiləri, onların borcları barədə məlumatlar;
– yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə kirayəçiyə dair məlumatlar;
– qiymətli kağızlar və onların yüklülüyü barədə məlumatlar;
– icbari sığorta müqavilələrinə dair məlumatlar;
-. şəxsin təhsili və təhsil sənədləri barədə məlumatlar;
– Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən – vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan, yaxud qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar;
– “Elektron icra” informasiya sistemindən – məhkəmə qərarlarının icrası vəziyyəti barədə məlumatlar;
– “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemindən – barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, habelə həbs qətimkan tədbirinin və cəzaların icrası vəziyyəti barədə məlumatlar;
– Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən – yoxlamalar barədə məlumatlar;
– “Elektron notariat” informasiya sistemindən – notariat hərəkətləri barədə məlumatlar.
