Məhkəmə iki nəfərin xəsarət almasında ittiham edilən sürücüyə bəraət verdi


  • 30 İyul 2020 16:38

Şirvan Apelyasiya Məhkəməsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Sabit Nəsirovun barəsindəki qərardan verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Vəkil Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, S. Nəsirova bəraət verilib.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 4-də Hacıqabul-Horadiz avtomobil yolunun 103-cü kilometrliyində baş verib. S.Nəsirov idarə etdiyi 99-FM-565 dövlət nömrə nişanlı DAF markalı yük avtomobilini idarə edərkən Araz çayının üzərində 2-ci dərəcəli yoldan baş yola keçmək istəyərkən həmin yolla hərəkət edən 30-BG-811 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sürücü Qəmbərov Azad Gülmalı oğlu və sərnişini Hüseynov Əhmədxan Ədalət oğlu yüngül xəsarət alıb.

İmişli Rayon Məhkəməsinin hökmü ilə S.Nəsirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Nəsirov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə qərarı ləğv edərək, Şirvan Apelyasiya Məhkəməsinə göndərib.

Oxşar xəbərlər