Məzmuna keç

“İnzibati məhkəmələrdə təkrarlanan mübahisələrin sayını azaltmaq üçün qabaqcıl təcrübə öyrənilir”

"İnzibati məhkəmələrin fəaliyyətində təkrarlanan məhkəmə işləri dedikdə bir və yaxud bir neçə dəfə məhkəmə mübahisəsinə çevrilmiş işlər üzrə yenidən inzibati orqanlar tərəfindən oxşar situasiyaları olan işlər üzrə eyni qərarların qəbul edilməsi nəzərdə tutulur. Bu problem əslində Azərbaycana xas bir problem deyil, bir çox ölkələrdə bu var. Biz qabaqcıl ölkələrin təcrübəni öyrənir ki, bu halları aradan qaldıraq".

Bunu e-huquq.az-a açıqlamasında Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov deyib.

Onun sözlərinə görə, inzibati məhkəmələrin əsas vəzifəsi həm də inzibati orqanlar üçün oxşar situasiyalarda qanun normalarının tətbiqi ilə bağlı hüquqi mövqelər yaratmaqdır:

"Əlbəttə ki, inzibati orqanlar faktiki vəziyyətləri oxşar olan hallar üzrə hüquq normalarının necə tətbiq ediləcəyinə dair məhkəmələr tərəfindən artıq dəfələrlə baxılmış və həll edilmiş işlər üzrə hüquqi mövqeləri eyni mübahislərə baxılarkən başqa mübahisələrdə də nəzərə almalıdırlar. Bu nəzərə alınmadıqda təkrarlanan işlər çıxır. Oxşar halları eyni olan, amma tətbiq edilən hüquqla bağlı məhkəmələrin mövqelərinin bəlli olduğu hallar. Düşünürəm ki, inzibati orqanlar məhkəmələrin mövqeyini nəzərə almaqla o mübahisələrə baxmalıdırlar. Çünki hüquqi dövlət prinsipi dediyim kimi, konstitutusiyada nəzərdə tutulan, o cümlədən inzibati icraatın özündə hüquqların təmin edilməsinə nail olmaqdır.

İnzibati məhkəmə icraatının məqsədi heç də inzibati orqanı əvəz etmək deyil. Məhkəmə sadəcə inzibati orqanlardakı icraatın səviyyəsini yüksəldilməsinə töhfə verə bilər. Bu baxımdan təkrarlanan mübahisələrin sayını azaltmaqla biz həm də imkan yaradırıq ki, inzibati orqanlarda ilk növbədə müraciətlər təmin edilmiş olsun. Bu, vətəndaşların hüquqlarının erkən mərhələlərdə təmin olunmasına, o cümlədən məhkəmələrin iş yükünün də azalmasına səbəb olar", – deyə Kollegiya sədri qeyd edib.