Məzmuna keç

Ramiz Rzayev: “İnzibati məhkəmələrdə işlərin böyük əksəriyyəti vətəndaşların xeyrinə həll olunub”

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun 2011-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə Azərbaycan məhkəmə sistemində yeni bir mərhələ başladı. Bu qanunların qəbul edilməsi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunmasına və demokratik hüquqi dövlət quruculuğunun inkişafına töhfə verib".

E-huquq.az-ın məlumatına görə, bunu “Azərbaycan Respublikasında İnzibati Məhkəmələr-10 il” adlı kitabın təqdimat mərasimində çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, Qanunun hazırlanması üçün çox böyük zəhmət çəkilib: "Belə ki, Qanunun hazırlanma ərəfəsində bizim mütəxəssislər, yəni Azərbaycanda olan hüquqşünaslar bir çox sahədə beynəlxalq təcrübəni, başqa ölkələrdə fəaliyyət göstərən inzibati məhkəmlərin iş təcrübəsini, onların mexanizmlərini öyrənib, təhlil edib, ümumiləşdirib və Milli Məclis bu məcəlləni qəbul edib. Bilirsiniz ki, bu sahə inzibati orqanlarla fiziki və hüquqi şəxslər arasında olan mübahisələrin həllinə yönəlib. Bu məcəllələr çox mükəmməl hazırlanıb. Yəni mövcud olan bütün yeniliklər, bütün mütərəqqi ideyalar, qanunlar burada öz əksini tapıb. Məcəllənin qəbul edilməsi ilə əlaqədar biz onun həyata keçirilməsinin mexanizmlərini də hazırladıq, bir sıra təşkilati işlər gördük. Bu dövr ərzində demək olar ki, bizim inzibati məhkəmələr onlara bəslənən ümidləri tamamilə doğruldub".

Sədr qeyd edib ki, hazırda inzibati məhkəmələr məhkəmə sistemində öz layiqli yerini tutub: "Bildiyiniz kimi, 3 aprel 2019-cu ildə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” cənab Prezident İlham Əliyevin Fərmanı oldu. Bu fərman məhkəmə-hüquq sisteminə böyük töhfə verdi və bizim üçün bir yol xəritəsi oldu. Həmin fərmanda məhkəmələrin ixtisaslaşdırılmasına da böyük önəm verilib. Azərbaycanda kommersiya və inzibati məhkəmələr yaradılıb. Bu məhkəmələrin yaradılmasına dövlət tərəfindən çox böyük diqqət yetirib. İnzibati və kommersiya məhkəmələrində mövcud olan hakimlərimizin sırasında daha hazırlıqlı hakimlərin təyin olunması ilə bu məhkəmələrin daha mükəmməl fəaliyyət göstərməsinə nail olmuşuq.

Deyə bilərəm ki, bu 10 il ərzində inzibati məhkəmələr üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirib, bu mübahisələrə baxılarkən demək olar ki, işlərin böyük əksəriyyəti, bir sıra hallarda 90 faizə qədər işlər vətəndaşların xeyrinə həll olunub. Burda həm də müsbət cəhət ondan ibarətdir ki, məhkəmələr, hakimlər vətəndaşların hüquqularının qorunmmasını təmin edir".

R. Rzayevin sözlərinə görə, inzibati məhkəmələrin fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir: "Bir yandan dövlət qurumları, bir yandan vətəndaşlar. Bu işləri həll etmək üçün məhkəmələrin fəaliyyətindən əlavə, bizim inzibati orqanlarda da inzibati araşdırmalar məsələsi diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bir sıra hallarda müvafiq qurumlarda bu inzibati yoxlamalar lazımi qaydada həyata keçirilmir. Ona görə də inzibati məhkəmələrin də iş yükü bir qədər artır.

Əlbəttə ki, bu 10 il ərzində görülən işlər bizi arxayın salmamalıdır. Təbii ki, fəaliyyətdə müəyyən qədər çatışmazlıq və nöqsanlar da var. Heç də arxayın olmamalıyıq ki, bizim hər bir işimiz yüksək səviyyədədir. Təkmilləşdirmə üçün əlbəttə ki, çox işlər görülməli, çox səylər göstərilməlidir. Ən əsas məsələ odur ki, cənab Prezidentin məhkəmələrə göstərdiyi diqqət və qayğını biz öz fəaliyyətimizlə, ədalətli qərarlarımızla doğruldaq".

Sədr bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sisteminə dövlət səviyyəsində çox böyük diqqət göstərilir: "Cənab Prezident tərəfindən bir sıra fərmalar verilib. Məhkəmələrin yeni binalarının tikilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, hakimlərin əmək haqqının artırılması, hakimlərin digər sosial məsələlərinin həll edilməsi istiqamətində dövlətimiz tərəfindən böyük işlər görülüb. Mən ümidvar olmaq istəyirəm ki, bizim hakimlərimiz öz fəaliyyətlərində ancaq qanunun aliliyini rəhbər tutacaq, insan hüquq və azadlıqlarının qorunması sahəsində öz əməklərini, bilik və bacarqılarını əsirgəməyəcək. Dövlətimiz, xalqımız, cəmiyyətimiz tərəfindən məhkəmələrə göstərilən etimadı doğrultmağa çalışacaqlar".