Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 60 illik yubileyidir.
"Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi və bacarıqlı sərkərdəliyi ilə qazanılan böyük Qələbənin bir illiyini Azərbaycan xalqı böyük qürurla qeyd edir. Xalqımız bu möhtəşəm Zəfərin təsiri altındadır. 30 il həsrətində olduğumuz Qarabağ 44 günlük Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olundu. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılıldı. Qələbəni Cənab Prezidentin yaratdığı mükəmməl birlik – dövlətimizin gücü, ordumuzun qüdrəti, xalqımızın ruhu təmin etdi. Respublikamızda bütün sahələr üzrə islahatlar aparılır. Ölkəmizdə beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sistemi formalaşır, müasir informasiya texnologiyalarına çıxış imkanları genişlənir, bütün infrastruktur müasir səviyyədə qurulur və inkişaf edir. Müstəqil Azərbaycanın inkişafının 18 ili cənab Prezidentin adı ilə bağlıdır. Möhtərəm cənab Prezidenti yubileyi münasibəti ilə Sizin adınızdan, Ali Məhkəmənin Plenum üzvləri adından böyük səmimiyyət və ən xoş arzularla təbrik edirəm".
Plenumda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub.
Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlətə xas olan mühüm məsələdir. Məhkəmə hökmünün çıxarılması üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən bu sahədə təcrübənin ümumiləşdirilməsi həyata keçirilərək bəzi hallarda cinayət-prosessual normaların tətbiqində müəyyən məsələlərlə bağlı fərqli yanaşmaların olması müəyyən edilib.
Məhkəmələr tərəfindən məhkəmə hökmü ilə bağlı məsələləri tənzimləyən cinayət-prosessual normaların eyni cür tətbiqini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Məhkəmə hökmü haqqında” müvafiq qərar qəbul edib.
Plenum iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə olunmuş və müvafiq qərarlar qəbul olunub.
