“Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin əsas məqsədi aztəminatlı və xüsusi həssas sosial qrupların keyfiyyətli hüquqi yardımla təmin edilməsi və hüquqların əlçatanlığının daha da artırılmasıdır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, qanun layihəsi vətəndaş məmnunluğuna, hüquqi təminatların effektivliyinə və cəmiyyətimizdə mövcud olan ədalət mühitinin daha da güclənməsinə xidmət edən mühüm sənəddir: “Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində göstərildiyi kimi, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
“Pulsuz hüquqi yardım haqqında” parlamentə təqdim olunmuş bu qanun hər kəsin Konstitusiyada təsbit olunmuş bu hüququnun daha geniş təmin olunacağının bariz nümunəsidir. Dövlət büdcəsi hesabına qanunda nəzərdə tutulan əhalinin həssas təbəqəsinə göstəriləcək hüquqi yardım dövlətimizin humanist mahiyyətindən və insan hüquqlarına verdiyi yüksək dəyərdən xəbər verir. Əlbəttə, əgər Konstitusiyada təsbit edilibsə, deməli, bu istiqamətdə addımın atılması hər zaman gündəmdə olub. Lakin qanunun məhz indi qəbulu postmünaqişə dövrünün sosial yönümlü inkişaf reallığının, dövlətimizin artan iqtisadi gücü və maliyyə imkanlarının göstəricisidir”, – deyə deputat qeyd edib.
B.Məhərrəmov deyib ki, qanunvericiliyə kifayət qədər pozitiv yeniliklər gətirən cari layihədə ilk növbədə ikipilləli hüquqi yardım sisteminin formalaşdırılması nəzərdə tutulur.
“Birinci pillə – məlumatlandırma, ərizə, şikayət tərtibi və s. kimi ixtisaslı peşəkar olmayan yardım formalarının ehtiva olunduğu ilkin hüquqi yardım hesab olunur ki, səmərəli realizəsi üçün məhz bu çərçivədə qanunvericiliyimizdə ilk dəfə olaraq paraleqal institutu yaradılır. Paraleqallar Vəkillər Kollegiyasının üzvü olmayan, lakin xüsusi təlim keçmiş və sertifikat almış ali təhsilli şəxslərdir ki, layihəyə əsasən onlar məhz dövlət büdcəsi hesabına yalnız ilkin hüquqi yardım göstərə biləcəklər. Eyni zamanda nəzərdə tutulur ki, ali təhsil müəssisələrinin hüquq klinikaları, tələbə və müəllim heyəti də ilkin hüquqi yardım prosesinə cəlb edilə bilər.
İkinci pillə isə məhkəmələrdə, o cümlədən Konstitusiya Məhkəməsində, ibtidai istintaq orqanlarında təmsilçilik və müdafiəni nəzərdə tutan peşəkar hüquqi yardımı əhatələyir ki, bu çərçivədə isə “Pro Bono” xidmət öhdəliyi formalaşdırılır, yəni vəkillərə ictimai fayda naminə ildə ən azı 30 saat ödənişsiz hüquqi yardım göstərmək öhdəliyi qoyulur. Bu öhdəliyi yerinə yetirmək istəməyən vəkil yerinə yetirilməyən hər saat üçün Vəkillər Kollegiyasına 18 manat ödəniş etməli olacaq.
Benefisiarlara gəlincə, qanun layihəsi yardım alacaq şəxsləri iki əsas kateqoriyaya ayırır:
Birincisi, aztəminatlı şəxslər – burada ünvanlı dövlət sosial yardımı alanlar, əlilliyi olan işləməyən şəxslər və rəsmi işsiz statusu olanlardan ibarət konkret 3 kriteriya müəyyən edilib.
Pulsuz hüquqi yardım almaq hüququ olan ikinci istiqamət isə xüsusi kateqoriyalı və həssas təbəqədən olan şəxslərdir. Buraya isə şəhid ailələri və müharibə veteranları, insan alveri və məişət zorakılığı qurbanları, cinsi zorakılığa məruz qalmış uşaqlar, yetkinlik yaşına çatmayanlar, valideyn himayəsindən məhrum olanlar, qaçqınlar və siyasi sığınacaq almış şəxslər, son 1 il ərzində cəzaçəkmə müəssisəsindən azad olunmuşlar və probasiya nəzarətində olanlar, ən nəhayət, korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslər daxildir.
Pulsuz hüquqi yardımın təşkilinin Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Vəkillər Kollegiyası tərəfindən xüsusi reyestr aparılır. Kollegiya pulsuz hüquqi yardım tələbi ilə edilmiş müraciətə 7 iş günü ərzində baxır. Çatışmazlıq olduqda 2 iş günü ərzində xəbərdarlıq edilir və 10 iş günü tamamlama vaxtı verilir. Təyin olunmuş vəkil və ya paraleqal isə sənədləri aldıqdan sonra 3 gün ərzində ilkin yardımı göstərməli və ya müqavilə bağlamalıdır.
Sənədlər düzgün olmadıqda, şəxs uyğun kateqoriyaya aid edilmədikdə və ya 1 il ərzində eyni məsələ ilə bağlı 3 dəfə əsaslandırılmış cavab aldıqda imtina edilə bilər və imtinadan isə məhkəməyə şikayət verilə bilər.
Pulsuz hüquqi yardıma görə bütün ödənişlərin miqdarının dəqiq müəyyən edildiyi bu layihəyə əsasən ödəniş dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılan vəsait hesabına edilir. Yardım göstərən şəxslər görülən işlərin uçotunu aparır və müvafiq sənədləri 2 il müddətində saxlamağa borcludurlar. Hesabatlar rüblük olaraq Vəkillər Kollegiyasına təqdim olunur və qurum da öz növbəsində hər il yanvarın 20-dək vəkil sirrini qorumaq şərtilə ümumiləşdirilmiş illik hesabatı öz rəsmi saytında dərc edir.
Bu qanun layihəsi həm də ölkədə pulsuz hüquqi yardım mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması və milli təcrübənin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Nəzərinizə çatdırım ki, dövlət dəstəkli və ictimai əsaslı pulsuz hüquqi yardım sistemləri üzrə beynəlxalq təcrübədə bir neçə model və nümunə tətbiq olunur.
Məsələn, dünyada ən strukturlaşdırılmış dövlət maliyyələşdirmə mexanizmlərindən birinə malik Böyük Britaniya modelində aztəminatlı şəxslərin həm cinayət, həm də müəyyən mülki-hüquqi işlər üzrə vəkillə təmin olunması dövlət tərəfindən xüsusi fondlar vasitəsilə birbaşa maliyyələşdirilir.
ABŞ və Kanadada isə hüquq firmalarının və vəkillərin peşəkar fəaliyyətlərinin müəyyən hissəsini ödənişsiz həyata keçirməsi qabaqcıl standart kimi qəbul olunub. Eyni zamanda, aparıcı universitetlərin hüquq klinikaları tələbələrin praktiki iştirakı ilə əhaliyə ilkin hüquqi yardım göstərir.
Fransa və Almaniyada dövlət tərəfindən həssas əhali qruplarına hüquqi yardım üçün xüsusi büdcə ayrılır, yerli Vəkillər Kollegiyaları isə yardıma ehtiyacı olan vətəndaşların vəkillərlə əlaqələndirilməsini və işlərin bölgüsünü tənzimləyir.
Estoniyada xüsusi təlim keçmiş paraleqallar və hüquq tələbələri əhaliyə ilkin hüquqi məsləhət və sənəd tərtibatında yardım göstərmək üçün cəlb olunurlar”, – deputat bildirib.
O vurğulayıb ki, pulsuz hüquqi yardım mexanizmi beynəlxalq təcrübədə artıq oturuşmuş institutdur və konstitusion məqsəd və niyyətlərimizin realizəsi, o cümlədən hüquqi yardımla təminatın dayanıqlılığının və əlçatanlığının əhəmiyyətli dərəcədə artırılması baxımından önəmli bir mərhələnin başlanğıcıdır: “Onu da xüsusi vurğulamaq istəyirəm ki, “Pulsuz hüquqi yardım haqqında” Qanunun qəbulu və icrası əhalinin hüquqi maarifləndirilməsi baxımından da müstəsna əhəmiyyət təşkil edəcəkdir.
Şəbnəm Mehdizadə
