Məhkəmə qərarı olmasına baxmayaraq, vətəndaş 7000 manat pulunu ala bilmir.
E-huquq.az-ın redaksiyasına müraciət edən Azər Qəribov bildirib ki, 7 aydır məhkəmə qərarı icra olunmur və icraçı öz vəzifəsini yerinə yetirmir.
"Borc tələbi ilə bağlı Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdim. Məhkəmə qətnaməsinə əsasən, cavabdeh mənə 7500 manat pul ödəməli idi. Lakin 7 aydır ki, bu pulu ala bilmirəm. Hacıqabul Rayon İcra Şöbəsinin icra məmuru isə işdən boyun qaçırır", – deyə o qeyd edib.
A.Qəribov sözlərinə görə, bu müddət ərzində məbləğin sadəcə 500 manatı ona verilib: "Noyabr ayında icra məmuru mənə zəng edib dedi ki, sənə 1000 manat pul göndərəcəyəm. Məndən kart hesabımı istədi, mən də göndərdim. Lakin hesabıma sadəcə 500 manat göndərildi. Pulun qalan hissəsini niyə göndərmədiyini soruşduqda isə səbəbini açıqlamadı".
Şikayətçi bildirir ki, daha sonra dəfələrlə icra məmuru ilə əlaqə saxlasa da, icraçı ona kobud cavab verib: "Sonuncu dəfə ona zəng etdikdə "Mənə borc vermisən ki, indi də məndən pul istəyirsən?" deyə cavab verdi. Daha sonra onunla əlaqə saxlaya bilmədim. Dəfələrlə zəng etmişəm, lakin nömrəsinə zəng çatmır".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, icra məmurunun telefon nömrəsinə zəng çatmadı.
