Yanvarın 18-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən nəşr olunan toplu əsasən hakimlər, vəkillər və hüquqşünasların istifadəsi üçün nəzərdə tutulub. Kiçik tirajla (ilkin olaraq 1000 ədəd) nəşr edilmiş və ödənişsiz yayılması planlaşdırılan vəsaitdən, hüquq-mühafizə orqanları əməkdaşları, tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri də faydalana biləcəklər.
Tədbirin moderatoru, Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü, Mediaisya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov tədbir iştirakçılarını salamlayaraq, vəsaitin ərsəyə gəlməsində töhfəsi olan bütün qurumlara təşəkkürünü bildirib: " Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlar sistemində İnsan hüquqlarının müdafiəsi məsələləri mühüm yer tutur və hər zaman İnsan hüquqlarının müdafiə məsələləri diqqət mərkəzindədir".
Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Guido Ambroso bildirib ki, BMT-nin Qaçqın Agentliyi 1992-ci ildən Azərbaycanda qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq standartlara uyğun müdafiəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan hökumətinə və müvafiq qurumlarına dəstək göstərir: "Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarları beynəlxalq standartların mühüm hissəsidir və biz ümid edirik ki, Avropa Məhkəməsi qərarlarının toplu nəşri Azərbaycan hakimlərinə və məhkəmələrinə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə sığınacaq verilməsi, vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan şəxslər üçün sənədlərin və vətəndaşlığın verilməsi ilə bağlı düzgün qərarlar qəbul etməyə kömək edəcək".
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar öz müsbət nəticələrini göstərməkdədir: "Azərbaycanda inzibati məhkəmələrin yaradılması, prosessual qanunvericiliyə mütərəqqi müddəaların daxil edilməsi, məhkəmələrin aparatlarının təkmilləşdirilməsi də müsbət dəyişiklikləri daha sürətləndirir. Məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının daha geniş şəkildə tətbiqi ölkə ərazisində insan hüquqlarının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edəcəkdir".
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirib ki, Qaçqınlar üzrə Ali Komissarlığıın ekspertlərinin iştirakı ilə də bu səpkidə müxtəlif mövzular üzrə təlim proqramları həyata keçirilə bilər: "Eyni zamanda, davamlı maarifləndirmə layihələri, digər maarifləndirici vəsaitlərin hazırlanması, nəşr olunması və yayılması, təcrübi səfərlərin təşkili ilə bağlı və digər istiqamətlərdə birgə əməkdaşlıq edilə bilər. Hazırkı nəşr məhz səmərəli əməkdaşlığının təzahürü olmaqla, eyni zamanda, insan hüquqlarının tədrisi və maarifləndirmə tədbirlərinə dəyərli töhfədir və düşünürəm ki, toplu hüquq ictimaiyyəti üçün faydalı vəsait və mənbə olaraq böyük maraq doğuracaq”.
Azərbaycan Respublikasının Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Sədri Ələddin Cəfərov çıxış edərək “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitab hakimliyə namizədlər və hakimlər üçün president hüququn öyrənilməsinə dair həm də çox gözəl tədris vəsaiti olduğunu vurğulayıb: "Analogiyaların öyrənilməsi, president hüquq üzrə müxtəlif mənbələrin araşdırlması və nəzərdən keçirilməsi hakimliyə namizədlərin və eyni zamanda hakimlərin qeyd edilən sahə üzrə mövqelərinin formalaşmasına mühüm təsir edir. Bu səbəbdən də hesab edirik ki, bu gün təqdimat mərasimi keçirilən toplu tərəfimizdən hakimlər, hakimliyə namizədlər arasında ödənişsiz olaraq yayılacaqdır".
Sonda nəşr edilmiş kitablar tədbir iştirakçılarına hədiyyə olunub.
