Məzmuna keç

“Cinayət törətmək istəyən şəxs dələduzluğa məruz qaldıqdan sonra ona dəyən ziyan ödənildikdə məsuliyyətdən azad etmə ilə bağlı vahid istintaq və məhkəmə təcrübəsi yoxdur”

"Cinayət törətmək istəyən şəxslərin aldadılaraq, yəni dələduzluqla əmlakı və ya əmlak hüquqlarının ələ keçirilməsi mümkündür. Təcrübədə bu hallardan rüşvət verməyə cəhd edən şəxsin aldadılaraq pulunun ələ keçirilməsi cinayətlərinə daha çox rast gəlinir. Belə xarakterli işlər üzrə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasına, ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışdıqda və ya ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət-prosessual qanunvericiliyə uyğun vahid istintaq və məhkəmə təcrübəsi formalaşmayıb".

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Konstitutusiya Məhkəməsinə verdiyi sorğuda bildirilir.

Qeyd edilir ki, dələduzluq yolu ilə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınması, ona qarşı dələduzluq cinayəti törətmiş şəxsin onunla barışdıqda və ya ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinə maneə yaradır.

"Həmçinin qanunvericilikdə cinayət hüququna əsasən, faktiki "zərərçəkmiş şəxsin" hər hansı bir halda cinayət-prosessual hüququna əsasən "zərərçəkmiş şəxs" kimi tanınmamasına dair müddəa yoxdur. Bu baxımdan, cinayət törətmək məqsədilə təqdim etdiyi əmlak və əmlak hüquqları dədləduzluq yolu ilə ələ keçirilmiş şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasını və ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışdıqda və ya ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünün müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsini Cinayət Məcəllləsinin 73-1 və 178-ci maddəsi ilə əlaqəli şərh edəsiniz".

Konstitusiya Məhkəməsi sorğunu icraata götürülüb. Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 4-nə təyin edilmiş iclasında baxılacaq.